Maraqlı olaylar

Fransalı millətçilər və britaniyalı avroskeptiklərin YAPsevərliyi

Dünən Avropa Parlamentində (AP) böyük səs çoxluğu ilə qəbul olunan “Mehman Hüseynovun işi” adlı qətnamədə gənc bloqçu ilə yanaşı digər siyasi məbbusların azad edilməsinə çağırış edilir. Bu sənəd 130 nəfərdən artıq siyasi məhbus və onların yaxınları, habelə ölkədə demokratik dəyərlərin qurulmasını arzulayan vətəndaşlarımıza mənəvi-siyasi dəstəkdir. Bu sənədlə bağlı səsvermənin nəticəsi indiyədək rastlaşmadığımız mənzərəni ortaya qoydu. Nəticələrə göz atdıqda ortaya çıxan statistika üzrə maraqlı təxminlər aparmaq olar.

AP-nin 751 üzvündən 597 nəfər qətnamənin qəbulu ilə bağlı səsvermədə iştirak edib. İştirak edən deputatlardan isə nə az-nə çox 533 nəfər (89%) qətnamənin lehinə səs verib. İndiyədək, Azərbaycanla bağlı qəbul edilmiş heç bir sənədə bu qədər çox sayda deputat qatılmamışdı. Qətnamənin əleyhinə səs verənlər, o cümlədən bitərəf qalanlar cəmi 11 faiz olsa da, onların kimliyinə diqqət yetirmək vacibdir. Beləliklə, sənədin əleyhinə səs vermiş 28 nəfərdən 17 nəfər Avropa Millətlər və Azadlıqlar (Europe of Nations and Freedom) siyasi blokunu təmsil edir. AMA-nın tərkibində isə Avropanın sağ-millətçi partiyaları birləşib. Məsələn, bu fraksiyanın əsasını fransalı millətçi Marine Le Penin Milli Yürüş partiyası (keçmiş Fransa Milli Cəbhəsi) üzvləri təşkil edir. Hazırda fraksiyanın AP-da cəmi 35 üzvü var və onların 50 faizi Mehman Hüseynovla bağlı qətnamənin əleyhinə səs verib.

Qətnamənin əleyhinə səs verən deputatların ölkələr üzrə təsnifatı da maraq doğurur. Sözügedən 28 nəfərin 14 nəfəri Fransanı, 3 nəfər Böyük Britaniyanı, 3 nəfər Holandiyanı, 3 nəfər isə Yunanıstanı təmsil edir.

Səsvermədə bitərəf qalan 36 nəfər arasında isə 16 nəfər populist avroskeptik qrupu – Avropa Azadlıq və Birbaşa Demokratiya (Europe of Freedom of Direct Democracy) blokunu təmsil edir. Bu qrupun əsasını isə Britaniyanın populist Müstəqillər partiyası təşkil edir və partiya Avropaya inteqrasiyaya qarşı çıxışları ilə tanınır.

Beləliklə, qətnamənin qəbuluna Avropanın nüfuzlu siyasi qüvvələrindən mühafizəkar, liberal-demokrat, sosialist və yaşılları təmsil edən deputatlar yüksək dəstək veriblər. Sənədin əleyhinə səs verənlər isə ifrat sağ-millətçi və populist qruplardır. Əslində hakimiyyət təmsilçilərinin istər əlacsızlıqdan, istərsə də digər məchul səbəblərdən Avropa Parlamentindəki siyasi azlıqlar, populist və marginal siyasi qruplarla işbirliyi qurması ciddi uğursuzluqdur. Göründüyü kimi, hakim siyasi qüvvə hazırda Avropanı miqrantların üzünə qapatmaq istəyən, Fransa və Böyük Britaniya kimi ölkələrdə milli-dini ayrı-seçkiliyi təbliğ edən siyasi qruplarla işbirliyindədir. Bu cür işbirliyi sayəsində YAP-çıların bundan sonra Azərbaycanın milli maraqlarını bu ölkələrdə yüksək səviyyədə təmsilçiliyi şübhə doğurur.

Mehmanın başladığı ictimai etirazın hədəfləri

Bloqçu Mehman Hüseynova qarşı həbsxanada açılan qondarma cinayət işi geniş ictimai etiraz kampaniyasına çevrildi. Etiraf etməliyik ki, sosial mediada sonuncu dəfə bu cür etiraz 2016-cı ildə Qiyasla Bayramın həbsi zamanı yaşanmışdı. Artıq sosial mediada #FreeMehman tələbi üzrə 150 mindən artıq paylaşım qeydə alınıb. Bu, son 5 ilin ictimai süstlüyü şəraitində olduqca ciddi rəqəmdir. Hazırda Mehmanın başladığı aksiyaya qoşulanlar arasında 7 nəfər siyasi məhbus, 10-dan artıq ictimai fəal və jurnalist var. Pentensiar Xidmətin binası qarşısında etiraz edən və inzibati qaydada həbs olunan fəalların addımını isə fəal vətəndaşlıq nümunəsi saymaq olar.

Mehman Azərbaycanda son 5-6 ildə formalaşan vətəndaş jurnalistikasının ən parlaq təmsilçilsidir. Stajlı siyasi xadimlərin, ictimai fəalların, yazarlar və jurnalistlərin ehtiyatla danışdığı, yaxud heç danışmadığı mövzuları öz üslubunda xalqa çatdırırdı. Azərbaycan vətəndaşları ölkədə baş verən ictimai əclaflıqlara da Mehmanın videoları vasitəsilə virtual təpki verirdi. Virtual aləmdəki populyarlıq Mehmanın minlərlə insanla qurduğu virtual ünsiyyətin nəticəsi idi. İndi gənc bloqçunun növbəti dəfə qondarma ittihamla üzləşməsinə virtual təpki yetərli olmasa da, müşahidə olunan canlanma sıfır nöqtəsində var-gəl eləməkdən daha yaxşdır.

Mehmanın aksiyasından sonra bir daha anladıq ki, hakim siyasi qrupun ölkəmizi tam qaranlığa qərq edə bilməməsinin səbəbi canını və zamanını azad ölkə uğrunda qurban verən insanlarımızdır. Onlar 90-cı illərin sonunda da olub, 2000-ci illərdə də. İndi də bu inanılmaz insanların bir hissəsi Mehman kimi siyasi məhbus həyatı yaşayır. Yeri gəlmişkən, bizə tez-tez eşitdirirlər ki, bu xalqa və ya insanlara görə özünü qurban verməyə dəyməz. Açığı, həbsə düşünədək bu deyimə laqeyd edim. Amma həbsxanada rastlaşdığım rəsmilər bunu tənə ilə o qədər işlədirdilər ki, artıq bu “məsləhət”dən iyrənməyə başladım. Paqonlulara izah etməyə çalışırdım ki, heç kimin uğrunda mübarizə aparmıram, sadəcə öz ideyalarım uğrunda yaşamağa çalışıram. Ləyaqətli yaşam uğrunda mübarizə aparmaq mənim təbii haqqımdır. Buna görə heç kimə minnət qoymuram və heç kimin də tənəsini haqq etmirəm. Ümumiyyətlə, yetkinlik yaşına çatmış insana siyasi mübarizədən, yaxud öz hüquqları naminə çalışmadan çəkinməyi tövsiyyə etmək tərbiyəsizlikdir. Bu cür tövsiyyələri özünə rəvan bilənlər savadlı insanlar olanda isə buna yalnız ədəbi gədalıq demək olar. Ona görə də bu gün Mehman və digər siyasi məhbuslara heç kim məsləhət verməyə çalışmasın, zatən minlərlə dustaq onlara hər gün hansısa “tövsiyyə” verir. Onlara yardım etmək istəyində olan, buna vaxtını ayırmaq istəyən yoldaşlar üçün bəzi qeydlərimi paylaşmaq istərdim.

Mehmanın başladığı aclıq aksiyasını nəticəsiz hesab etmək olmaz. Bu aksiyanı aşağıdakı səbəblərdən səmərəli sayıram:

  • Mehmandan öncə 4 siyasi məhbusa həbsxanada qondarma ittiham üzrə cinayət işi açılıb. Ancaq hakimiyyətin bu cür abırsız repressiya metoduna indiki kimi yetərli ictimai təpki verilməyib.
  • Mehmanın aclıq aksiyasından sonra Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı bu ay növbədənkənar dinləmələr təşkil edəcək. Artıq yeni qətnamələrin hazırlanması və bəzi dövlət rəsmilərinə viza sanksiyalarının tətbiq edilməsi təklif edilir.
  • Son 5 il ərzində ilk dəfə olaraq, vətəndaşların insan hüquqları, xüsusən də siyasi təqiblərə etirazla bağlı milli həmrəylik nəzərə çarpır.

Ancaq hazırda aparılan etiraz kampaniyasının məqsədi tək Mehmanla bağlı deyil və Mehman onlarla siyasi repressiya qurbanından biridir. Bu baxımdan maksimum şəkildə aşağıdakı tələblər yerli və beynəlxalq səviyyədə çatdırılmalıdır:

  • Mehman Hüseynov və digər siyasi məhbuslara qarşı qondarma cinayət işlərinə xitam verilməsi;
  • Həbsxanalarda siyasi məhbuslara qarşı qeyri-insani rəftarın aradan qaldırılması;  
  • Əfv və ya amnistiya aktı vasitəsilə siyasi məhbusların azad edilməsi;

Sonuncu məsələ ilə bağlı həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqət yetirməli olduğu bəzi mətləblər var.

Birincisi, 130 nəfərdən artıq siyasi məhbusun, yəni siyasi  repressiyaların olduğu ölkədə iqtidara milli etimad yarana bilməz. Milli etimada malik olmayan siyasi qrupun hakimiyyəti dövründə cəmiyyət nə korrupsiyaya qarşı mübarizədə, nə ictimai-siyasi sabitliyin qorunmasında, nə sosial rifah və mədəni inkişaf sahəsində, nə də Daqlıq Qarabağ probleminin həllində uğurlar əldə edə bilər.

İkincisi, siyasi repressiyaları görməzdən gələn beynəlxalq transmilli koorporasiyalar  və maliyyə institutları, habelə onların Azərbaycanda maraqlarını təmsil edən dövlətlər ölkə vətəndaşları qarşısında etimadı itirirlər. Belə bir etimadsızlıq mühiti uzun müddət davam edərsə, ölkənin Avropaya inteqrasiyası ciddi şəkildə fəsadlarla üzləşə, cəmiyyətdə anti-demokratik siyasi qüvvələrin nüfuzu arta bilər.

Nəzərə almalıyıq ki, maddi-texniki və insan resurslarının məhdud olduğu şəraitdə uğurlu və uzunmüddətli kampaniya aparmaq çətindir. Ona görə mövcud imkanlardan qənaətlə istifadə etməliyik. Eyni zamanda virtual etirazların bir neçə gün ərzində geniş insan hüquqları hərəkatına çevriləcəyinə inanmaq, buna insanları inadırmaq ya sadəlöhvlük ya da riyakarlıq olar. Alman dissident yazarı Heinrix Mann demiş, demokratiya sonu görünməyən döyüşdür və onu hər gün yenidən başlamaq gərəkdir. Əgər ictimai fəallar bütün ümidlərini yaşadığımız günə bağlasalar, sabah qarşılaşacağımız uğursuzluqdan sarsılacaqlar.

Etiraz kampaniyasının səmərəli təşkili üçün aşağıdakı tədbirlər gərəklidir:

  1. Aclıq aksiyasına qoşulanların səhhətini həkim nəzarətində saxlamaq, bu məqsədlə könüllülərdən ibarət müstəqil tibbi yardım qrupu yaradaraaq onların fiziki durumu barədə ictimaiyyəti məlumatlandırmaq;
  2. Həbsxanalarda aclıq edən siyasi məhbuslara Ombudsman, Ədliyyə Nazirliyi yanında İctimai Komitə, Avropa Birliyi, Avropa Şurası, BMT və Qızıl Xaç Cəmiyyəti təmsilçilərinin baş çəkməsi üçün müraciətlər etmək;
  3. Avropa Parlamenti nümayəndələri və AŞPA üzvlərinə e-poçt və sosial media vasitəsilə mürciətlər edərək, siyasi məhbuslarla bağlı qətnamələrin qəbulunda dəstək istəmək;
  4. Azərbaycan hakim siyasi elitasına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Belçikada himayədarlıq edən lobbi qruplarına açıq və kütləvi şəkildə müraciətlər edərək, etiraz aksiyasının məqsədlərini izah etmək. Bununla yanaşı adıçəkilən 5 Qərb dövlətinin xarici siyasət idarələri, parlament üzvləri və Bakıdakı səfirliklərindən siyasi məhbuslar məsələsi ilə bağlı münasibət bildirilməsi üçün çağırışlar etmək. Bu müraciətlərə paralel olaraq, həmin ölkələrin nüfuzlu media orqanlarına da göndərmək.

Sonuncu addım çərçivəsində xaricdə yaşayan azərbaycanlıların üzərinə daha çox iş düşür. Əfsus ki, xaricdəki mühacir qurumlar hələ də fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi çevrələrində nüfuzlu və etibarlı qurumlar kimi qəbul edilmirlər. Ümumiyyətlə, xaricdəki soydaşlarımız Azərbaycanda kimlərisə təşkilatlandırıb siyasi fəallığa cəlb etməkdənsə, Qeybət TV-lər yaratmaqdansa, yaşadıqları ölkələrin siyasi çevrələrinə inteqrasiya etsələr, ölkəmizdə insan hüquqları və demokratikləşmə prosesinə daha çox töhfə vermiş olarlar.

Milli həmrəylik nağılı

31 Dekabr rəsmi təqvimdə Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilir. Amma iki gün öncə Mehman Hüseynovu şərləyib, ona qarşı saxta ittiham düzüb-qoşan soydaşlarımızla necə həmrəy olasan?! Mehman hazırda onlarla siyasi repressiya qurbanından biridir və onunla birgə siyasi məhbusların sayı 120 nəfərdən çoxdur. Aralarında ömrünün 10 ildən çoxunu Qobustanda təkadamlıq kamerada zamanı öldürənlər, həbsxananın yarıqaranlıq kitabxanalarında senzuradan keçirilmiş kitablarla zamanı qazanmaq istəyənlər var.

Onların lənətlərini görməzdən gələnlər bu gün AzTV-lərə çıxıb bəh-bəhlə milli həmrəylikdən bəhs edəcəklər. Bəs bu adamlarla eyni vətəndaşlığı paylaşmağımız həmrəyliyimiz üçün əsasdımı? Xeyr. Çünki eyni dəyərləri paylaşmırıq! Biz onlarla eyni mətbəxi, eyni küçələri, eyni məkanları, eyni musiqiləri, hətta Günəşi və havanı paylaşırıq. Amma eyni dəyərləri paylaşmırıq.

Bəs ölkəni güzəran üzündən, siyasi təzyiqlər ya da sosial rifahdan dolayı tərk edən minlərlə vətəndaşımız? Onlara nə üzlə “həmrəylik gününüz mübarək” deyəcəksiz?

Bu cür təbriklər saxta görünəcək. Siyasi repressiyanın, talançılığın, rüşvətin, saxta seçkilərin, siyasi azadlıqlara basqıların olduğu ölkədə milli həmrəylik ola bilməz.

Ümumiyyətlə, keçmiş siyasi məhbus Tofiq Yaqublunun bir fikri ilə razıyam ki, 31 delkabr Dünya azərbaycanlıları günü kimi anılsa daha yaxşıdı. Çünki milli həmrəylik günü anlayışında bir totalitarizm elementi var. Yəni sən ölkənin keçmiş və indiki vətəndaşları ilə onların siyasi baxışlarına, ictimai mövqeyinə fərq qoymadan həmrəy olmalısan. Yaxud 26 ildir dəyişməyən siyasi rejimin arzuladığı rəiyyət olmalı, vətəndaş hüquqlarını tələb etməməlisən. Yaramaz və əsasız yanaşmadır. Ən yaxşısı bu günü ilin sonu kimi qeyd etməkdir. Səmimi olaq. Biz olsa-olsa bir-birimizə yeni iliniz uğurlu olsun deyə bilərik. Və ən gözəl ilimiz qarşıdadır – bir gün ölkədə siyasi məhbuslarsız il olacaq…

Yeni iliniz mübarək!