Maraqlı olaylar

2020-ci il üçün müxalifətin seçki taktikası

2020-ci il parlament seçkilərində iştirakla bağlı REAL və AXCP təmsilçiləri arasında müzakirə xoş məcrada getmir. Bu mövzuya iyunda bir yazım vasitəsilə münasibət bildirməyə çalışdım. Əsasən parlament seçkilərində iştirakın vacibliyinə ağırlıq verərək, demokratik qüvvələrin bu prosesə önəm verməsini, əməkdaşlığın vacibliyini, bunlarsız uğurun mümkünsüz olacağını yazmışdım. Əfsus ki, son günlər qızışan müzakirələr hələ də ürəkaçan yöndə inkişaf etmir, xoş niyyət və konkretlikdən məhrum şəkildə cərəyan edir.

Artıq seçkilərin elan olunmasına bir il qalıb və birgə çalışmalar əvəzinə yersiz atmaca və ittihamların, ən əsası getdikcə kəskinləşən qütbləşmənin şahidi oluruq. Ən anlaşılmaz məsələ isə hər iki tərəfin oturub müzakirə edəcəyi mövzuları ictimailəşdirməsidi. Şəxsən mənim üçün bu qarşıdurmada tərəflər arasında heç bir strateji yanaşma fərqi yoxdur. Hakimiyyətə münasibətdə eyni dərəcədə müxalifdirlər. İdeyaloji olaraq da, bu qurumlar arasında ciddi fərq yoxdur. Əsas fərq təcrübə, təşkilatlanma və siyasi liderlikdədi. 
Seçkilərlə bağlı hazırkı müzakirələrə gəldikdə isə 2 məsələni bir-birindən ayırmalıyıq. 
Birincisi, az-çox təcrübəsi olan siyasi fəallara bəllidir ki, Azərbaycan kimi avtoritar ölkədə seçkilər hakimiyyətin dəyişilməsi perspektivindən daha çox hakimiyyətin legitimliyinin yerli və beynəlxalq səviyyədə mübahisləndirilməsi üçün üstün imkandır. Post-sovet məkanında yalnız iki ölkədə – Gürcüstan və Qırğızstanda parlament seçilərinin nəticələrinə etiraz bu ölkələrdə hakimiyyət dəyişikliyi ilə nəticələndi. Bu isə öncədən hesablanmamış siyasi situasiyalar idi. 
İkincisi, Azərbaycan kimi avtoritar ölkədə seçkidə iştirak etmədən də hakimiyyətin legitimliyini şübhələndirməyə yetərli səbəblər var. Yəni hansısa siyasi qüvvə bu hakimiyyətin dövründə seçkilərdə iştirakı mənasız hesab edib, seçkiyə qatılmayacağını bildirirsə, buna qeyri-adi yanaşmağın özü də yumşaq desək savadsızlıq və təcrübəsizlikdi. Amma hazırda bizim ölkədə belə siyasi qüvvə yoxdur. 
Bizdə hər 5 ildən bir seçkiyə getməyib fasilə vermək ənənəsi var. Bu ənənəyə bağlı siyasi təşkilatlar radikal demokratik siyasi mübarizə metodlarından uzaqdırlar. Radikal demokratik siyasi qüvvə isə bizim ölkəmiz və bölgə üçün yad anlayışdı. Məsələn, prezidentin imzaladığı sənədlər, parlamentin qəbul etdiyi qanunlar, məhkəmənin verdiyi qərarların hansısa kriteriyalar əsasında tanınmaması, siyasi repressiyalar səbəbindən gizli fəaliyyətə üstünlük verilməsi, üzvlük və könüllülk fəaliyyətinin gizli saxlanılması metodlarından ölkədə yararlanan siyasi qüvvə yoxdur. Beləliklə, hazırda gedən seçki müzakirələr müxalif qüvvələri radikal və ya mötədil qruplara ayırmağa imkan vermir. Sadəcə seçki iştirakını təşviq edən REAL-a oppnnetlik edən AXCP əvvəlki illərin təcrübəsinə, mövcud maddi-insani çatışmazlıqlara söykənir. Amma hazırda hər iki tərəfin mövqeyində qeyri-müəyyənlik olduğu üçün bir qədər mübahisəli məqamlara diqqət çəkək. 
Tutaq ki, müxalifət indiki reallıqda parlamentdəki 125 yerin ən çoxu 43-nə, ən pis halda isə 25 yerə iddia edəcək. Xatırladım, parlamentdə səs çoxluğu 83 səslə təmin olunduğundan 43 yer qərarların qəbuluna təsir edə bilər. Kimlərəsə 43 rəqəmi bir az fantastik görünə bilər. Ona görə ən yaxşı halda 25 yeri qazanmaq, bununla da deputat fraksiyası qurmaq imkanı əldə edib həm yerli, həm də beynəlxalq aləmdə siyasi azlığın təmsilçisi kimi tanınmaq, parlamentdə qanunvericlik təşəbbüsləri üçün uyğun imkan əldə etməyə köklənmək olar. 
O zaman sual çıxır – 25 dairədə qalib gəlmək üçün müxalifət ən azı neçə dairədə yarışmalıdı? Hesab edək ki, ən əzı 50 dairədə müxalifət yüksək nəticə göstərməlidir. Bu zaman namizədlərin qeydiyyatı ilə bağlı əvvəlki illərin təcrübəsi yada düşür. Məlumdur ki, 2010-cu il parlament seçkisindən etibarən hakim siyasi rejim müxalif və müstəqil namizədlərin qeydiyyatı üçün süni əngəllər yaradır, bir növ namizədləri “süzgəcdən” keçirir. Nəticədə əksər seçki dairələrində (təxminən 80-85) süni alternativsizlik mühiti yaranır. Bəs bu perspektivə qarşı plan necə olacaq? 
Ümumiyyətlə, apardığım müşahidələr göstərir ki, 2005-dən bəri rejim nə prezident, nə də parlament seçkilərində rəqabət mühitinin, bununla da ölkə boyu siyasi canlanma yaranmasında maraqlı deyil. İnanmıram ki, bu taktikanı dəyişərək, nüfuzlu şəxslərin namizəd olmasına yaşıl işıq yandırsınlar. 
Ancaq hesab edək ki, REAL, Müsavat, AXCP və digər 2-3 siyasi qrup ölkə üzrə 70 seçki dairəsində mübarizə aparacaq. Çünki seçki dairələrinin yarıdan çoxunda namizədlərin qeydiyyatı seçki bloku yaratmağa və pulsuz efir vaxtı əldə etməyə imkan verir. Bəs seçki günü neçə namizədin qələbəsi tanınsa, parlamentin legitimliyi tanınacaq? 
Mənə elə gəlir ki, hazırda bütün siyasi qvvələr anlayır ki, onların ölkə boyu namizəd göstərməyə resursları yoxdur. Əgər bütün ölkə boyu namizəd irəli sürmək imkanı yoxdursa, nədən indidən geniş seçki koalisiyası yaratmaq yönündə müzakirəkər aparılmır? Məsələn, olmazmı ki, AXCP iki istiqamətdə – həm seçkiyə hazırlıq, həm də seçkiqabağı siyasi mühitin dəyişilməsi yönündə çalışmalar yürütsün. 
Proseslərə yeni qoşulanlara bəlkə də seçki asan gəlir. Amma az-çox təcrübəsi olanlar bilir ki, indiki şəraitdə seçki bir partiyanın görəcəyi iş deyil. Yox, əgər REAL və ya bir başqa partiyanı 25-30 dairədə yarışmaq qane edirsə, o zaman bu seçki milli səviyyəli seçki olmayacaq və siyasi canlanma yaranmayacaq. Eynilə AXCP də seçkidə iştirak hazırlığı aparmadan yalnız boykota köklənəcəksə, bunun səmərəsiz olacağını fərqində olmalıdı. Çünki prezident seçkilərindən fərqli olaraq, parlament seçkilərində onlarla dairədə fərdi qaydada iştraka maraqlı olan müstəqil və müxalif şəxslər var. Onların fərdi qaydada iştirakı boykotun effektini azaldacaq, hakimiyyətə beynəlxalq seçki müşahidə missiyaları üçün imitasiya xarakterli statistika düzəltməsini təmin edəcək. 
Mənə elə gəlir ki, yuxarıdakı suallara cavab verilmədən seçiciləri nə seçkidə fəal iştiraka, nə də seçkiqabağı mühitin təkmilləşməsi üçün kütləvi etirazlara səfərbər etmək mümkün olacaq. Ona görə də hər iki istiqamətdə təxirəsalınmadan çalışmalara başlamaqla mövcud siyasi qüvvələr seçki sonrası ağır ittihamlardan özlərini sığortalaya bilərlər.

Mühacirət təşviqatının acı nəticələri

Siyasi sığınacaq üçün Avropaya üz tutanların üzləşdikləri çətinlikləri barədə bu günlərdə xeyli faktlar paylaşıldı. Eyni zamanda rəsmi olaraq təsdiqlənməmiş məlumatlar hesabına Almaniyaya qaçqın kimi gedən azərbaycanlıların sayının kütləvi artdığı, bəzi soydaşlarımıza qarşı haqsızlığın edildiyi iddia edildi. Bu mövzu ilə bağlı son iki ildə müxtəlif şəxslərdən eşitdiyim məlumatlar, habelə yayılan statistikaya əsasən bəzi mülahizələrimi bölüşmək istərdim.

Əvvəla ondan başlayım ki, ölkədən gedənlərin böyük çoxluğunun bu addımı  sosial-iqtisadi səbəblərdən atdığı heç kimdə şübhə doğurmur. Əfsus ki, öz maddi imkanları, akademik fəaliyyət və ya işçi immiqrant statusu hesabına gedə bilməyənlər əksər hallarda çıxış yolu kimi uydurma siyasi motivlər göstərirlər. Bu zaman miqrasiyanın sərt və amansız reallıqları ilə üzləşirlər. Nəticədə psixoloji sarsıntılar, deportasiya təhlükəsi yaranır. Belə bir durumun yaranma səbəbləri barədə vaxtaşırı danışmaq və araşdırmaq lazımdı. Çünki yanlış şərtlər hesabına gerçəkləşən axın dayanmasa, biz çoxsaylı insan faciələrinin şahidi ola bilərik. Bəs aldadılaraq, yaxud özünü şansa ya da taleyin ümidinə buraxaraq Avropaya üz tutanları bu yoldan döndərmək üçün nə edilməlidi?

Rəsmi qaydalar və kriteriyalar barədə məlumatsızlıq

Avropa ölkələrinə miqrasiyanın şərtləri barədə Bakıda və Avropada yerləşən dələduz və möhtəkir şəxslərdən deyil, həmin ölkələrin rəsmi orqanlarından məlumat alınmalıdı. Məsələn, bu günlərdə intihar etmiş Humay Məmmədovanın son bir ildə eyni motivlə intihar etmiş 10 qaçqından biri olduğu deyilir. Amma media onların heç biri barədə Almaniya Xarici İşlər nazirliyi, ya da Miqrasiya idarəsindən məlumat əldə edə bilmir. Yaxşı olar ki, bu qurumların rəsmiləri ilə əlaqə yaradıb, açıqlamalar alınsın. İnanmıram ki, bu qurumların rəsmiləri Turan agentliyi, Azadlıq radiosu, BBC Azərbaycan, Meydan TV kimi tanınmış media qurumlarına ətraflı məlumat verməkdən çəkinsinlər. Qoy insanlarımız mötəbər şəxslərin dilindən vəziyyətin ağırlığını qiymətləndirib, uydurma siyasi motivlərlə mühacirət arzularından vaz keçsinlər. Fırıldaqçılar və dələduzların vədlərinə  deyil, həmin ölkələrin rəsmi şəxslərinin izahatlarına əsaslansınlar.

Hər kəs üçün siyasi səbəblərdən ölkəni tərk etməyin standartları aydın olmalıdı. Qondarma səbəblərlə siyasi sığınacaq almaq mərhələsi artıq bitib. Əfqanıstan, Suriya kimi münaqişə zonalarından miqrant axını ilə üz-üzə qalan Qərb ölkələrinin bizim kimi ölkələrə standartları sərtləşib. Əgər nəzərə alsaq ki, 2017-ci ildə vizaların sadələşdirilməsindən sonra Ukrayna və Gürcüstandan avropa Birliyi ölkələrinə xeyli axın var, mənzərə tam aydın olar. Əfsus ki, bəzi şəxslər bu standartları bilmədən, bəziləri isə bilərək həmin ölkələrə üz tutur. Aylarla sığınacaq hüququ əldə edə bilmir, deportasiya təhlükəsi ilə yaşayır, ciddi depressiyay düşür, bəziləri hətta intihara əl atırlar. Bu baxımdan müxalif siyasi partiyalar və ictimai təşkilatlar qanunsuz və əsassız mühacirətin təhlükələri barədə vaxtaşırı çağrışlar etməli, müstəqil media vəziyyəti hərtərəfli araşdırmalıdı.

Mühacirətin yanlış təşviqi

Hazırda mühaciərətdə olan soydaşlarımızın da bu axının artmasında cavabdehliyi var. Əsaslı və ya qondarma motivlərlə siyasi sığınacaq alan şəxslərin bəzi davranışları, bəzi hallarda isə yaxınlarına, qohum-tanışlarına yönəlmiş çağrışları mühacirətin çətinlikləri barədə reallıqları ört-basdır edir. Fərqində olmurlar ki, sosial mediada şəxsi və ictimai həyatları barədə paylaşmaları bu cür həyata həsrət qalanlarda mühacirətə həvəs yaradır.

Onlara elə gəlir ki, vətəndə min-bir əziyyətlə çalışan ictimai fəallar üçün “uğur hekayəsi” ola bilərlər. Nəzərə almırlar ki, geridə buraxıb gəldikləri fəallar onlarla eyni imkanlara malik deyillər. Amma həmin imkanlar sayəsində ərsəyə gələn 3-4 media layihəsi də ya bir-biri ilə, ya da Bakıdakı fərqli qruplarla yarışa girir. Əslində Bakıda media sahəsində çalışan fəallar yalnız saat fərqinə görə Avropadakı fəallardan öndədir.

Təbii ki, mühacirətdəki fəalların dəstək vermək imkanları da hüdudsuz deyil. Amma imkanları çərçivəsində faydalı işlər görənlərlə yanaşı Almaniyada sosial dövlət modelindən faydalanmağı qohum-əqrabaya, yaxud sosial mediada izləyicilərinə uğur kimi nümayiş etdirmək ənənəsi yanlış meyllərə səbəb olur. Əksinə ortaya çıxan fərqli sosial həyat nə siyasi canlanmaya, nə də vətəndaş tələbkarlığına rəvac verir. Bu kütləvi şəkildə ölkəni dəyişmək yox, vətəndaşlığı dəyişmək arzusu yaradır. Bu arzuları gerçəkləşdirmək naminə viza və saxta sənədlərə xərclənən pullar uğursuz olanda ümidsizlik və xəyal qırıqlığı faciəvi nəticələr doğurur…

Ağdamın işğalında 4 İyun qiyamının rolu

Dünən Ağdamın işğalının 26-cı ildönümü idi. İndiyədək bir çox ekspert, siyasi xadim Ağdamın işğalında 4 iyun qiyamı nəticəsində ölkədə yaranan siyasi gərginlik və hakimiyyət dəyişikliyinin mühüm rol oynadığını qeyd edib. Amma ilk dəfə olaraq bu fakt Ermənistanın keçmiş prezidenti və Qarabağda seperatçı rejimin başçısı olmuş Robert Köçəryanın ötən il çap olunan kitabında etiraf edilir.

Köçəryanın qələmə aldığı olaylara keçməzdən öncə qeyd edim ki, bəziləri nədənsə 4 iyun qiyamının ardınca Elçibəyin Bakını tərk etməsində Dağlıq Qarabağ və ətraf rayonlarda gedən müharibənin mühüm faktor olmasını ya bilərəkdən, ya da bilməyərəkdən unudur. Əslində Elçibəy komandasının ciddi mənəvi-siyasi sarsıntısı Kəlbəcərin işğalı ilə başladı. Amma Köçəryan qeyd edir ki, Kəlbəcərin işğalı fevralda Ağdərə-Kəlbəcər yolunun bizimkilərdən geri alınması ilə asanlaşdı. Qayıdaq Ağdamın işğalı ilə 4 iyun qiyamı arasında əlaqəyə.

Köçəryanın qeydlərinə görə, BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalı ilə bağlı 822 saylı qətnaməsinin icrası üçün ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusən də Rusiya prezidenti Ermənistan rəhbərliyinə təzyiqlər edir, sanksiyalarla hədələyiblər. Öz növbəsində Ermənistan prezidenti Qarabağ seperatçılarının başçısından beynəlxalq rəylə hesablaşmağı, təcili Kəlbəcəri boşaltmağı tələb edirdi. Uzun müzakirələrdən sonra iyunun 12-də Gorusda Ermənistan Təhlükəsilik şurası üzvləri ilə Dağlıq Qarabağ Müdafiə Komitəsi üzvlərinin birgə sessiyası keçirilir. İclasda Kəlbəcərin boşaldılmasına razılıq verilsə də, Rusiyalı həmsədr Vladimir Kazimirovu bu barədə məlumatlandırmaq “yubanır”. İki gün sonra Petrosyan əsəbi halda Köçəryana zəng edir və bir daha Kələbəcərlə bağlı onu tələsdirir. Ancaq adekvat cavab almadıqda Xankəninə gəlir və bir daha BMT qətnaməsinin icra olunması zərurətini izah edir. Köçəryan və tərəfdarları ona bunun tez bir zamanda mümkün olmayacağına inandırır, qoşunu geri çəkmək və dislokasiya üçün bir neçə ay möhlət istəyirlər. Petrosyan razılaşır.

Bu tarix təxminən iyunun 15 və ya 16-na təsadüf edir. Petrosyan Yerevana qayıdan kimi Köçəryan Ağdamın ələ keçirilməsi planını müzakirə etdiklərini bildirir. Beynəlxalq aləmdə həm Kəlbəcər məsələsinin unudulması, həm də seperatçılar üçün ciddi təhlükə mənbəyi olması səbəbindən Ağdamın işğalını vacib sayırlar. Ancaq Surət Hüseynovun rəhbərliyi altında qiyamçıların Bakıya hücumu və Bakıda hakimiyyət dəyişikliyi bu planı sürətləndirir. Köçəryanın təbirincə desək, ilin sonunadək Xankəndinə girib çay içməyi planlaşdıran Elçibəy artıq Kələkidə idi.

Bakıdakı qarşıqlıqdan istifadə edərək, təxminən bir ay sürən hazırlıqdan sonra iyulun ortasında Ağdama şimal və cənubdan hücuma keçdiklərini, şəhərin mühasirəyə alınması barədə əhalidə rəy yaratdıqlarını, bununla da yaranmış panikadan yararlandıqlarını bildirir. Köçəryanın qeydlərində nəyin uydurma, nəyin gerçək olduğunu isbatlamaq müharibə iştirakçıları, xüsusən də komandir heyətin işidir. Amma mənim diqqətimi çəkən 2 məsələ var.

Birincisi, Kəlbəcərin işğaldan azad olunması və atəşkəsin əldə olunmasında Yeltsinin fəallığı, bununla da həm Qərbin, həm də Elçibəy hakimiyyətinin rəğbətini qazanmaq planı.

İkincisi,  bu planın baş tutmaması üçün siyasi zəminin hazırlanmasında Surət Hüseynovun qiyamı, siyasi müxalifətin ona dəstəyi və nəticədə Elçibəy hakimiyyətinin süqutunun rolu. Bununla da nəinki Ağdamın işğalı labüdləşdi, həmçinin BMT qətnamələrinin icrası ilə bağlı Ermənistana təzyiqlər aradan qalxdı.

Maraqlıdır ki, Elçibəy iyunun 18-də Bakını tərk etməsini iki səbəblə izah edir.

Birincisi, Bakıda qiyamçılarla döyüşlərdən yayınmaq, bununla da tələfatının qarşısını almaq. İkincisi, bütün siyasi və hərbi qüvvələrin diqqətini ərazi bütövlıüyünün müdafiəsinə yönəltmək.

Elçibəy Kələkiyə getməklə birinci məqsədinə çatır. Amma ikincini reallaşdırmaq üçün onun yoxluğunda nə Əliyevin, nə Surət Hüseynovun, nə də özünü ana müxalifətin lideri sayan Etibar Məmmədovun siyasi iradəsi və bacarığı çatır. Əvəzində isə adıçəkilən şəxslərin ittifaqı nəticəsində Elçibəy Bakını tərk edər-etməz onun prezidentliyinə etimadsızlıq məsələsi gündəliyə çıxır. Ardınca referendum təyin edilir və növbədənkənar prezident seçkisi təyin edilir. Amma Dağlıq Qarabağ ətrafında rayonların müdafiəsi ilə bağlı hərbi-strateji addımlar atılmır, nəticədə cəmi 4 ay sonra Köçəryan hərbi-siyasi rejimi Dağlıq Qarabağla yanaşı əlavə 6 rayona nəzarət edir.

Kitabda diqqətimi çəkən digər məsələ Köçəryanın seperatçı rejimi ilə Heydər Əliyev komanadası arasında 1993-cü ildə yaranmış məxfi təmaslardır. Məsələn, bir qeydinə görə Ağdamın işğalından sonra müdafiə naziri Səfər Əbiyev onun komandirləri ilə əlaqəyə yaradıb və 26-28 iyul tarxilərində atəşkəsə nail olublar.

İkinci iddia isə Heydər Əliyevlə 1993-cü il sentyabrın sonunda Moskvada otellərin birində Vladimir Kazimirovun vasitəçiliyi ilə görüşməyi barədədir. Bir saat yarımlıq görüşün günü və yerini, habelə təfərrüatını yazmır. Amma Azərbaycan tərəfdən seperatçı rejimin rəhbəri ilə görüşən ilk dövlət başçısı kimi Heydər Əliyevin bu danışıqlarda hansı məqsəd güddüyü və indiyədək niyə məxfi saxlandığı da bəlli deyil.

Sovet ziyalıları barədə dissidentlik nağılları

Sovet dönəmində həm Gürcüstan, həm də Azərbaycanda milli kimliyin qorunması uğrunda mübarizə aparan dissidentlər olub. Amma gürcü dissidenlər bizimkilərdən həm sayca, həm də keyfiyyətcə üstün olublar. Fəaliyyətlərini də mütəşəkkil qaydada, o cümlədən Rusiya və Baltikyanı ölkələrin dissident qrupları ilə əlaqəli şəkildə qurublar. Gürcü dissidentlərinin fəaliyyətində diqqət çəkən digər cəhətlər də var. Məsələn,  həm 1975-ci ildə yaranmış Avropada Təhlükəsizlik və Əməkdaşlqı Müqaviləsinin (indiki ATƏT) Helsinki yekun aktı prinsiplərinə istinad ediblər, həm də mübarizənin etnik millətçilik zəminində görünməməsinə çalışıblar. Nəhayət, gürcü dissidentlərinin Sovet dönəmi üçün inanılmaz sayılacaq məşhur etirazından bəhs etmək isərdim. Bəlkə bu yolla aramızdakı fərqi daha bariz şəkildə görə bilərik.

1977-ci ildə SSRİ-nin yeni konstitusiyası qəbul edilərkən ittifaq respublikalarının da yeni konstitusiya qəbul etməsi gündəmə gəlir. Amma 1936-cı il konstitusiyasından fərqli olaraq, 3 Qafqaz respublikasının konstitusiya layihəsində rəsmi dil olaraq Azərbaycan, erməni və gürcü dilləri deyil, rus dili göstərilir. Bu dəyişikliklə bağlı Heydər Əliyevin rəhbərlik etdiyi Sovet Azərbaycanında səssizlik hökm sürürdusə, Ermənistanda partiya daxili müzakirələrdə narazılıq dilə gətirilmiş, fəqət Gürcüstanda bu yeniliyə qarşı ciddi müqavimət başlamışdı.

1978-ci ilin yanvar-mart aylarında gürcü yazarlar, alimlər, bəstəkarlar və sənətçilər qızğın şəkildə gürcü dili məsələsini kuluarlarda müzakirə edirdilər. Etirazların kulminasiya zirvəsi 14 apreldə Tiflis Dövlət Universiteti qarşısına toplaşan ziyalı, müəllim və tələbənin şəhərin küçələrindən keçərək, Mərkəzi Komitənin binasına yürüş etmək cəhdi olur. Milis və ordu hissələri dövlət binalarına gedən yolları bağlayıb, 20 minə yaxın etirazçının qarşısını alsa da, 3-4 min nəfərlik kütlə hökumət binasının qarşısına toplaşır. Nümayişçilər qarşısına çıxan Eduard Şevardnadzeni əhali fitə basır və danışmağa qoymur. Kreml ilə müzakirələrdən sonra  Şevardnadze həm etirazçılarla həmrəy olduğunu, həm də Tiflisə əlavə qoşun yeridiləcəyini bildirirək, əhalini sakitləşdirə bilir. Günün sonunda konstitusiyaya dəyişikliklə bağlı yeni müddəanın layihədən çıxarıldığı elan edilir. Gürcü dili konstitusiya layihəsində saxlanılır. Bununla da gürcülərin 14 aprel etirazı təkcə Gürcüstanın deyil, digər iki Cənub Qafqaz respublikasının taleyində rol oynayır. Ardınca Azərbaycan SSR və Ermənistan SSR-in konstitusiyalarında titul dillə bağlı köhnə müddəalar saxlanılır. Amma bir həftə sonra Tiflis və digər şəhərlərdə əhalini etirazlara səsləyən vərəqələrin müəllifləri, etirazın fəalları və liderləri, o cümlədən Zviad Qamsaxurdiya və Merab Kostava həbs edilirlər.

Qamsaxurdiya (solda) və Kostava (sağda)

Tiflis etirazlarının maraqlı tərəfi budur ki, tələbələr öz liderlərinin həbsinə etiraz edərək, onların hüquqlarının müdafiəsi və azadlığı uğrunda mübarizəni davam etdirirlər. Çox keçmir ki,  Gürcüstanda Amnesty İnternational, Helsinki İnsan hüquqları qrupu və Moskva Helsinki Komitəsi ilə əməkdaşlıq edən birliklər yaranır. Bu olaylara görə həbs edilən Qamsaxurdiya 2 il sonra, Kostava isə 9 il sonra azadlığa çıxır.

İndi sual oluna bilər ki, o zaman Azərbaycanda məşhur ziyalılardan kimlər məlum konstitusion müddəa ilə bağlı birinci katib Heydər Əliyevə və ya Kremlə müraciət edib?  Əfsus ki, əlimizdə bu barədə yazılı bir sənəd yoxdur. 1977-ci ildə ən populyar dissidentimiz Əbülfəz Elçibəy idi ki, o da bir  il öncə həbsdən çıxmış, universitetdə müəllimlikdən uzaqlaşdırılmış və ictimai həyatdan təcrid edilmişdi. Digər adlı-sanlı ziyalı “dissidentlərin” cərgəsində sakitlik idi.

Bu olayları təhlil edərkən, diqqətimi çəkən iki nüans var. Birincisi, 1978-ci ildə dissident liderlərin arxasınca küçəyə çıxan tələbələr 10 il sonra Gürcüstanda başlayan milli müstəqillik hərəkatının özəyinə çevrildilər. Bəziləri müstəqillik dönəmində deputat, ictimai xadim və siyasi lider oldu. Qısası nəsillərarası siyasi təşkilatlanma ənənəsi itmədi və gələcəkdə siyasi müxalifətçilik üçün mədəni miras yarandı. Gürcüstan kimi kiçik ölkə üçün bu əhəmiyyətli məsələ idi.

İkincisi, Gürcüstanda 70-ci illərdə başlayan dissident hərəkatı daha da təkmilləşərək, sovet dövrünə xas şəxsiyyətə pərəstiş, yaltaqlıq, məmur özbaşınalığına qarşı xalqın kulturaloji təfəkkürünün formalaşmasına rəvac verdi. Nəticədə gürcülər müstəqil olduqdan sonra nə milli qurtuluş günü uydurdular, nə ümummilli lider, nə də düşük inkişaf nağılları yaratdılar, nə də hər əli qələm, ağzı söz tutanı ziyalı adlandırdılar.

Gürcüstanla bağlı çəkdiyim nümunə ölkəmizdə Sovet dövründə yaşamış bəzi şəxsləri yeri gəldi-gəlmədi “milli ziyalı”, “dissident” və “millətin vicdanı” adlandırılmasının nə qədər uğursuz olduğunu göstərmək üçün yetərlidi. Biz hər bir şəxsiyyətə onun konkret tarixi dönəmdə tutduğu mövqeyə əsasən qiymət verməyi öyrənməliyik. Bəzən məsələ mövqenin yanlış olub-olmasında deyil, ümumiyyətlə mövqenin olub-olmamasındadır. Ola bilsin ki, bu cür müzakirələrdən yorulmuş orta və yaşlı nəsil, “olan ziyalımız elə budur” deyib, belə müqayisəni lüzümsuz hesab edəcək. Amma bu nəsilin azad və ədalətli, insan ləyaqətinə söykənmiş cəmiyyət ideylarından yoxsulluğunu nəzərə alaraq, bu dəyərləri arzulayan insanlarımız düşünməyə borcludu.

Bizdən öncəki nəsilin bəzən milli natamamlıq kompleksi, bəzən də siyasi fürsətçilliyi müstəqillik dönəmində çoxsaylı siyasi əsatirlər uydurmağa yönəldi. Nəticədə saxta qəhrəmanlar yaranaraq, ən yeni siyasi tariximiz məzmunsuz və miskin şəxsiyyətlərlə dolduruldu, abırlı insanların tarixin saxtalaşdırılmasına etirazı konformist millətçilik yarışında eşidilməz oldu. Məsələn, Məmməd Əmin Rəsulzadə barədə qalaq-qalaq kitablar və məqalələr yazdılar, amma onun azad seçki, sosial ədalət və qanunların aililiyi ilə bağlı fikirlərini görməzdən gəldilər. Xalq Cumhuriyyətinin qurucularını şövqlə “qurucu babalarımız” adlandırdılar, amma ölkədə korrupsioner sülalə hakimiyyətinin formalaşmasına susqun qaldılar.

Bu yarımçıq ziyalılar ziddiyətli həyat tərzlərinə rəğmən həyasızcasına bizdən onlar barədə “milli vicdan” və “milli qürur” örnəyi kimi bəhs etməyi gözləyilər. Əslində onlar sovet dövründə ələbaxımlığa öyrəşmiş ştatlı ziyalı nəslinin təmsilçisi kimi 1993-cü ildən etibarən post-sovet ziyalısına çevrilməyi sevə-sevə qəbul etdilər. Keçmiş sovet dissidenti İosif Brodski SSRİ dağıldıqdan sonra belələrinin 70-ci illərdəki davranışları barədə dediyi kimi “onları yaltaq olmağa məcbur etmirdilər, bu yolu könüllü seçirdilər”.

Son olaraq, unutmamalıyıq ki, bütün bu şişirdilmiş ziyalı tipləri ilə müqayisədə ömrünün son 26 ilini dissident kimi yaşamış bir mirasımız var. Məhz bu nəsilin qoyduğu siyasi irs gələcək nəsili tarixə qarşı daha tələbkar və dürüst davranmağa vadar edəcək. Səsləri mövcud ictimai məkanda ucadan eşidilməsə də, onların sayəsində ölkədə müxalifətçilik mədəniyyəti ictimai şüurda yaşadı. Şübhəsiz ki, ölkəmiz məhz hər gün qarşılaşdığımız ictimai əclaflıqlara qarşı müxalif duruşunu əsirgəməyən insanlarımızın ehkamçılıq, saxtakarlıq və yaltaqlıq kimi naqis ictimai ənənələr üzərində qələbəsi ilə dəyişəcək.

CHP-nin uğur hekayəsi

Bu ilin 31 martında Türkiyədə bələdiyyələrə keçirilən seçkilər AKP-nin son 17 ildə ilk məğlubiyyəti, o cümlədən 1946-cı ildən bəri cumhurriyyət tarixinin ən müqəddəs siyasi ənənəsi – sandıqdan çıxma haqqının qəsb edilməsi cəhdi kimi tarixə düşdü. İstanbulda 13 min səslə AKP namizədindən çox səs toplayan CHP namizədi Əkrəm İmamoğlunun qələbəsi süni səbəblərlə mübahisələndirildi, nəticədə İstanbul bələdiyyə başkanın seçilməsi üçün 23 iyuna təkrar seçki təyin edildi. Dünən açıqlanan nəticəyə əsasən İmamoğlu 800 min səs artıq, yəni əvəlkindən 62 qat artıq səslə Yıldırıma qarşı əzici qələbə qazandı. Bu İstanbulda son 36 ildə toplanmış ən yüksək nəticədir. İstanbulda təkrar seçki də daxil olmaqla 31 mart yerli seçkiləri nəticəsində uzunmüddət qələbədən məhrum olan Cumhurriyyət Halk Partiyasına yeni imkanlar yarandığını görərik. Amma əvvəlcə qələbənin ərsəyə gəlməsində rol olan faktorları nəzərdən keçirək.

Gəzi ruhunun qorunması  

2013-cü ilin mayında İstanbulda Gəzi parkının inşa edilməsinə qarşı başlayan etirazlar uzun illər soyuq münasibətdə olan radikal sol, sol-mərkəzçi, sağ-mərkəzçi və liberal partiyalar arasında buzların əriməsi, çoxsaylı vətəndaş cəmiyyəti təşkilatlarının proqressiv ideyalar uğrunda siyasi partiyalarla əməkdaşlığının əsasını qoydu. Uzun illərdən sonra türk, kürd, laz, yunan və erməni kökənli istanbullular öz aralarında etnik və siyasi kimlik fərqinə varmadan Gəzidə bir araya gəldilər.

Gəzi hərəkatı Erdoğanın qurduğu siyasi hegemoniyaya qarşı sivil vətəndaş dirənişinin əsasını qoydu. Bu proses göstərdi ki, ölkənin yerli və ya milli səviyyəli problemlərini çözmək üçün siyasi, dini, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq vətəndaş həmrəyliyinə nail olmaq mümkündür. Gəzi ruhunun davam etdirməklə bağlı ən şanslı partiya olan CHP daxilində yekdil qərarın olmaması bu prosesi 2018-ci ilin parlament və prezident seçkilərinədək yubatdı. Amma CHP-nin lideri Kılıcdaroğlunun qurduğu “Millət” ittifaqı, prezidentliyə namizədi Müharrəm İncənin isə həbsdə olan HDP sədri Səlahəddin Dəmirtaşı ziyarət etməsi siyasətdə etnik və dini ayrı-seçkiliyin yolverilməzliyini aktuallaşdırdı, liberal və mühafizəkar çevrələr arasında fundamental dəyərlər uğrunda əməkdaşlığın toxumunu səpdi. Şübhəsiz ki, CHP-dən olan namizədlərin kürd kökənli seçicilərdən səs almasında bu cür barışdırıcı addımların rolu oldu. Ümumiyyətlə, CHP-nin etnik millətçilik əleyhinə çıxışları fərqli etnik qrupların yaşadığı Türkiyə üçün vacib siyasi mərhələdir. Və 2019-cu il seçimlərində HDP-nin İstanbul və bir çox şəhərlərdə namizəd irəli sürməməsi CHP-nin səslərinin daha da artmasında müstəsna rol oynadı. Bir çox ekspertlər İstanbul kimi çoxmillətli şəhərdə İmamoğlunun etnik kimliyinin dartışmaya cəlb edilməsini CHP-nin AKP üzərində əzici qələbə qazanmasında mühüm rol oynadığını iddia edirlər.

Kılıcdaroğlunun qurduğu koalisiyalar

CHP sədri Kılıcdaroğlunun partiya daxilində tənqidçisi çox olsa da, son bələdiyyə seçkilərində onun irəli çəkdiyi namizədlər Türkiyə siyasəti üçün sürpriz oldu. Məsələn, indi rahatlıqla söyləmək olar ki, növbəti prezident seçkiləri ərərfəsində sol-mərkəzçi və sağ-mərkəzçi çevrələrdə CHP-dən prezidentliyə namizəd Müharrəm İncə ilə yanaşı Ankara bələdiyyə başqanı Mənsur Yavaşla İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunun namizədlikləri müzakirə olunacaq. Əgər 2 il öncə Türkiyədə Erdoğana qarşı alternativsizlik məsələsi müzakirə olunurdusa, hazırda CHP-nin düşərgəsində 3 şəxsin prezidenetlik potensialı müzakirə olunur. Belə bir mühitin yaranmasında, habelə bu simaların Türkiyəyə təqdimatında Kılıcdaroğlunun əməyi böyükdü. Və nəhayət Kılıcdaroğlu həm İyi partiya “Millət” ittifaqının qurulmasının, həm də CHP elektoratı ilə Səadət və HDP kimi partiyaların seçicləri arasında isti münasibətləri yaratmaqla AKP-MHP ittifaqına qarşı geniş koalisiyanın yaranmasının əsas memarıdı.

İncənin 3B formulu lokallaşdı

Son prezident seçkisində 3B formulu – Barışmaq, Bölüşmək və Böyümək sloqanı ilə çıxış edən Müharrəm İncənin sol-mərkəzçi və sağ-mərkəzçi çevrələrdə yaratdığı canlanma  İmamoğlunun eyni şəkildə pozitiv seçki kampaniyasına start verməsi ilə davam etdi. İmamoğlu Millət ittifaqının namizədi olsa da, elan etdiyi “İstanbul ittifaqı” ölkənin milli səviyyəli problemlərinə deyil, şəhərin yerli səviyyəli problemlərinə, o cümlədən istanbulların gündəlik qayğılarına ünvanlandı. AKP-MHP ittifaqının bütün israrlarına baxmayaraq, bir çox CHP namizədləri seçicilərin diqqətini suverenlik kimi populist mövzuya deyil, korrupsiya, inflyasiya, yaşıllıq, işsizlik, şəfaff idarəçilik və sosial infrastrukturun inkişafı mövzularına yönəltdi.

İncə ilə İmamoğlunun təşviqat kampaniyaları arasında daha bir oxşarlqı hər ikisinin seçki kampaniyasına Erdoğanla görüşməklə başlaması oldu. Bu görüşlər hər ikisinin Erdoğan tərəfindən hədəf göstərilməsi ilə nəticələnsə də, AKP-nin qarayaxma kampaniyası yalnız İmamoğlunun işinə yaradı.

İmamoğlu vs Erdoğan

Azərbaycan seçki sistemi ilə Türkiyəni müqayisə etmək qüsurludu. Çünki Türkiyədə 1946-cı ildə formalaşan çoxpartiyalı seçki sistemi ötən 73 ildə seçim haqqının müqəddəsliyi barədə düşüncənin bütün sosial qruplar arasında milli qürur kimi qəbul edilməsini təmin edib. Amma Avropanın seçkili demokratiya sistemlərindən fərqli olaraq, Erdoğan son 17 il ərzində media üzərində total nəzarəti yaratmaqla özünə qarşı tənqidlərin qarşısı ala, nüfuzlu jurnalistləri susdura və ya həbs etdirə bilir. İfadə azadlığının son illər məhdudlaşdığı Türkiyədə seçki yarışını tam azad və ədalətli hesab etmək mümkün deyil. Amma Türkiyə seçicisi rəqabəti sevir və rəqabətin nəticəsi olaraq qutudan çıxanın haqqına hörmət edir. Bu baxımdan Erdoğanın İstanbulda həm 31 mart, həm də 23 iyun ərəfəsində fəallığı, siyasi təzyiq yolu ilə təkrar seçkilərin keçirilməsinə nail olması səsvermə haqqına cumhurriyyətin verdiyi nemət kimi baxan seçicilərdə məyuszluq və qəzəblə qarşılandı. Nəticə özünü aradakı kəskin fərqdə göstərdi.

Yerli seçki müşahidəçiliyi və sosial mediadan istifadə  

Ötən il keçirilən prezidenet seçkisində İncənin seçki gecəsi hərəkətsizliyi ilə iddialar CHP üçün pis təcrübə kimi xatırlayırıq. Əslində həmin gecə baş verənlərdə İncənin səriştəsizliyi deyil, CHP-nin yerli müşahidə sisteminin yararsızlığı ciddi rol oynadı. Bütün ölkə boyu səsvermənin nəticələrini operativ və paralel şəkildə toplaya bilməyən CHP seçki izləmə mərkəzi İncəni seçki gecəsi üçün ən vacib silahdan –  informasiyadan yoxsul qoydu. Bu yanlış təcrübə 31 mart günü İstanbulda yaşanmadı. CHP-nin paralel səssayma mərkəzi o gecə səhərədək çalışaraq, İmamoğlunu seçkinin nəticələri ilə bağlı informasiya ilə təmin edib, onu AKP və Anadolu Ajansının seçki nəticələri ilə manipulyasiyası qarşısında güclü duruma gətirdi.

İmamoğlu Türkiyədə sosial media vasitəsilə seçiclərlə birbaşa ünsiyyətə girməyin ən üstün örnəyini yaarda bildi. Bütün şəxsi keyfiyyətlərini, açıqlamalarını, şəxsi həyatı və keçmişini seçici üçün əlçatan edərək, seçiclərin qərarvermə imkanlarını asanlaşdırdı.

Yeni imkanlar

CHP sonuncu dəfə 1977-ci ildə Bülənt Ecevitin liderliyi dönəmində hakimiyyətdə koalisyon ortağı kimi təmsil olunub. 1980-ci il hərbi çevrilişin nəticəsi olaraq, 1992-ci ilədək CHP-nin fəaliyyəti qadağan elan edildi, bununla da sol-mərkəzçi düşərgənin lider partiyası olmaq imkanını uzun müddət itirdi. Yalnız 1999-cu ildən başlayaraq CHP ana müxalifət partiyası statusunu qazana bildi. Hazırda sol-mərkəzçi elektoratla yanaşı liberal və mühafizəkar seçiclərin səsini qazanmağı planlaşdıran CHP-də yerli seçkilərdə əldə olunan qələbələr növbəti 4 il üçün ciddi fürsətlər dönəmi olacaq. Bu müddət həm mövcud reytinqi qorumaq, həm də partiyanın zəif olduğu bölgələrdə əhaliyə “uğur hekayələri” tqədim etmək üçün İstanbul, İzmir, Ankara, Antalya kimi şəhərlərdə bələdiyyələrin şəffaf, ədalətli və xalqçı çalışmalarıan ehtiyac var. Nəhayət, Erdoğan başda olmaqla Türkiyənin ictimai çevrələrində CHP-nin İnönü dönəminə yönəlik ittihamları, xüssuən də anti-islamçı damğasını dağıtmaq üçün Yavaş və İmamoğlu kimi bələdiyyə rəhbərləri var.

Demokratik qüvvələr üçün seçki sınağı

Təxminən 2-3 ay əvvəl demokratik düşərgədə növbəti parlament seçkilərində iştirakla bağlı müzakirələr başladı. Seçkiyə bir ildən atıq müddət varkən bu cür müzakirələrə başlamaq faydalıdı. Ancaq müzakirələr sağlam məcradan çıxmadan, tərəflərin müzakirə haqqına hörmət saxlamaqla aparılsa hər kəs üçün maraqlı olar. İştirak məsələsində isə iki fərqli münasibət olduğu üçün, bütün mövqeləri nəzərdən keçirməyə ehtiyac var. Respublikaçı Alternativ Partiyası başda olmaqla bir kəsim parlament seçkilərində iştirakı zəruri, Xalq Cəbhəsi başda olmaqla digər kəsim isə lüzumsuz hesab edir.

Azərbaycan seçki tarixinə nəzər salsaq, seçkidə iştirak yoxsa boykot mövzusu üzrə müzakirələrin hələ 1993-cü ilin növbədənkənar prezident seçkisindən başladığını qeyd etməliyik. 29 avqust 1993-cü ildə Elçibəyin prezident səlahiyyətlərinin əlindən alınması ilə nəticələnən referendumu əsas siyasi qüvvələr qeyr-legitim hesab edərək, həmin ilin 3 oktyabrına təyin edilən prezident seçkisini boykot etdilər. Ancaq 1993-cü illə müqayisə də 1998, 2008 və 2018-ci ildə keçirilən prezident seçkilərinin boykot olunmasına münasibət heç vaxt birmənalı olmayıb.

Parlament seçkilərinə gəldikdə isə 1995-ci ildən 2015-ci ilədək keçirilən bütün seçkilərdə müxalif partiyalar iştirak etməyə, hakim siyasi qüvvə isə süni maneələr yaradaraq namizədlərin sayını azaltmağa çalışıb. Məsələn,  2005-ci il parlament seçkilərinə qatılan deputatlığa namizədlərin sayı 2100 nəfərdən artıq idisə, 2010-cu ildə qeydə alınmış namizədlərin sayı süni manelər nəticəsində 695 nəfər, 2015-ci ildə isə 769 nəfər olub. Göründüyü kimi, hakimiyyət hər seçkidə manelər yaradaraq namizədlərin sayının azalmasına, bununla da seçkidə rəqabət mühitinin boğulmasına çalışır. Beləliklə, sual yaranır – parlament seçkisində iştirak hakim siyasi qüvvəyə sərf edirmi?

Seçki hakimiyyətin legitimliyini mübahisələndirir

Siyasi tarix dünyanın müxtəlif ölkələrində hakimiyyətlərin legitimliyi ilə bağlı müxtəlif faktorları fərqləndirir. Bunlardan ikisi bizim kimi ölkələrin siyasi sistemi üçün səciyəvi odluğundan, onlardan bəhs edəcəyik.

Legitimliyin birinci faktoru kimi siyasi hakimiyyətin seçkilər nəticəsində formalaşması önə çıxır. Bir çox beynəlxalq təşkilatın üzvü kimi həm parlament, həm də prezident seçkilərinin keyfiyyəti nəinki ölkədə, həmçinin beynəlxalq səviyyədə mübahisələndirilə bilər. Konkret olaraq, parlament seçkilərinə gəlikdə isə bu sahədə mübahisələndirmə indiyədək Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları səviyyəsində gerçəkləşib. Ancaq Avropa Şurası Parlament Assambleyasını indiyədək seçkilərin nəticələri ilə bağlı müzakirələrə cəlb etmək mümkün olmayıb. Nəzəri olaraq bu imkan növbəti parlament seçkisində də qalır.

Hakimiyyətin legitimliyi ilə bağlı ikinci faktor isə iqtidarların seçkilərarası dövrdə idarəçilikdə buraxdığı yanlışlıqlara görə sorğulanması, vaxtından əvvəl istefaya göndərilməsi ənənəsidir. Legitimliyin mübahisələndirilməsi ilə bağlı 2 faktor arasında müqayisə aparsaq, hər iki imkanın nəzəri olaraq mövcud olduğunu, amma brinicinin daha praktik olduğunu qeyd edə bilərik.

Boykot səmərə verirmi?

Prezident seçkisi ilə müqayisə də parlament seçkiləri zamanı boykotun spesifik çətinlikləri var. Parlament seçkiləri təkmandatlı dairələr üzrə majoritar qaydada keçirildiyi üçün əsas siyasi qüvvələrin iştirakdan imtina etməsi yerli səviyyədə fəal olan şəxslərin və kiçik siyasi qrupların da iştirak qərarına təsir etməyəcək. Yəni siyasi mənsubiyyəti olmayan şəxslər sayəsində Bakı, Sumqayıt və Gəncə kimi bölgələrdə deputatlığa namizədlər diqqət çəkən rəqabət mühiti yarada bilərlər. Bu baxımdan bütün ictimai-siyasi fəalların boykot çağrışlarına məhəl qoyacağı inandırıcı görünmür. Eyni zamanda ötən 20 il ərzində əsas müxalif partiyaların boykot etdiyi 3 prezident seçkisinin nəticələri göstərir ki, hakimiyyətin legitimliyi bu taktika nəticəsində nə yerli, nə də beynəlxalq səviyyədə şübhə altına düşüb.

Və nəhayət, 2010-cu ildən başlayaraq, hakim siyasi qüvvənin yürütdüyü taktika göstərir ki, 125 seçki dairəsinin hər birində namizədlərə maneələr yaratmaqda niyyət maksimum şəkildə seçkini sovet dövrünün xalq deputatları sovetinə təyinat kimi təşkil etmək, bununla da siyasi rəqabət və ictimai fəallığının qarşısını almaqdı. Təsəvvür edək ki, 2020-ci il seçkiləri boykot olunacaq və deputatlığa namizədlərin siyahısı 2015-ci ildəki kimi yerli icra hakimiyyətlərində tərtib olunacaq. Bu nə ATƏT-in müşahidə missiyası, nə Avropa Parlamenti, nə də AŞPA-nın seçki müşahidə missiyasının gəlişini əngəlləyəcək. Əksinə belə bir siyasi mühit hakim siyasi qüvvəyə alternativsizlik mühitində “qələbəsəsini” Avropadan olan müşahidəçilərə nümayiş etdirməyə fürsət verəcək.

Seçkidə iştirakın şərtləri

Şübhəsiz ki, mövcud siyasi mühit 2020-ci il parlament seçkilərinin nəinki azad və ədalətli, həmçinin rəqabətli qaydada keçəcəyinə ümid vermir. Bu baxımdan demokratik qüvvələrin  qarşıdakı bir il ərzində 3 istiqamətdə birgə təşəbbüslər göstərməsinə, bununla da həm yerli ictimaiyyəti, həm də ölkənin üzvü olduğu beynəlxalq təşkilatları seçki prosesinə cəlb etməyə ehtiyac var:

Azad seçki mühitinin yaradılması üçün sərbəst toplaşmaq, birləşmək və ifadə azadlıqlarının prioritet olaraq qabardılması, siyasi məhbusların azad olunması yönündə çalışmalar;

Ədalətli seçki mühitinin yaradılması üçün seçki komissiyalarının tərkibinin dəyişdirilməsi, xüsusən də Avropa İnsan Hüquqları Məhkəməsinin seçki şikayətləri üzrə qərarlarına görə məsuliyyət daşıyan komissiya üzvlərinin vəzifələrindən uzqlaşıdırlması, seçki şikayətləri üzrə mexanizmlərin təkmilləşdirilməsi, dövlət büdcəsindən maliyyələşən kanallarda pulsuz efir vaxtının ayrılmasının tələb edilməsi;

Rəqabətli seçki mühitinin yaradılması üçün 125 seçki dairəsi üzrə müxalif və müstəqil namizədlərlə koordinasiyanın təşkili, seçki dairələrindən vahid namizədlərin müəyyən edilməsi və seçicilərin fəallaşdırılması üçün əməkdaşlığın təşkili. Heç kəsə sirr deyil ki, seçki kampaniyasında iştirak maddi-texniki və siyasi-psixoloji hazırlıq tələb edir. Hazırda özünü demokratik düşərgədə görən heç bir siyasi qüvvənin bu cür şərtlərə cavab verən 40-50 nəfər deputatlığa hazır namizədi yoxdur. Məhz bu səbəbdən də bir və iki siyasi təşkilatın bütün ölkə boyu siyasi rəqabət mühiti yaradacağı mənə inandırıcı gəlmir.

Yeni siyasi imkanlar

Əvvəlki parlament seçkiləri ilə müqayisə də hazırda seçki yarışı üçün yeni imkanlar yaranıb. Məsələn, sosial media istifadəçilərinin sayı xeyli artıb ki, bu seçiclərlə birbaşa ünsiyyət üçün tamailə yeni göstəricidi. Eyni zamanda Avropa Birliyi ilə siyasi əməkdaşlığın güclənməsi, Avropa Şurası Parlament Assambleyasında Azərbaycanda siyasi azadlıqların boğulmasına etirazların çoxalması 2020-ci il seçkiləri üçün yeni siyasi şəraitdi. Məsələn, növbəti parlament seçkilərinin qeyri-demokratik keçirilməsi nəticəsində Azərbaycan parlament nümayəndə heyətinin statusunun AŞPA-da tanınması bu situasiyada mübahisələndirilə bilər.

Nəhayət, ölkədə müşahidə olunan sosial narazılıqlar seçkilər yaxınlaşdıqca siyasi fəallığın artmasına kömək edə, vətəndaş-dövlət münasibətlərinin yeni – daha sağlam müstəviyə keçirilməsinə imkan verə bilər.

Bələdiyyə seçkiləri 2020 üçün test ola bilər

Yuxarıda sadaladığım istiqamətlərdə çalışmaların aparılması üçün demokratik düşərgədə çoxtərəfli müzakirələrin başlamasına ehtiyac var. Ancaq müşahidələrimə görə hazırda nəinki müzakirə, elementar ünsiyyət üçün mühit daralıb. Vaxtaşırı sosial şəbəkələrdə müşahidə olunan qarşlılqı ittihamlar nəinki bütün siyasi tərəflərə, hətta ölkənin siyasi gələcəyinə olan ümidləri məhv edir. Əfsus ki, sosial mediada bu cür ittiham və nifrətdolu davranışlar  apolitik insanların sayının artmasına, siyasi fəallığın zəifləməsinə xidmət edir. Ən ağırlısı budur ki, minlərlə tərəfdarı olan siyasi liderlər bəzən məsuliyyətsiz ittihamları ilə mənsub olduqları siyasi təşkilatların marginallaşmasında iştirak edirlər.

2020-ci il parlament seçkilərində əməkdaşlıq demokratik düşərgədə qarşılıqlı ittihamların aradan qalxmasına, yeni siyasi situasiyanın yaradılmasına kömək edə bilər. Bu prosesin başlaması üçün hazırda demokratik düşərgənin aparıcı 4-5 təşkilatı arasında birbaşa ünsiyyətin yaranması vacibdi. Birbaşa ünsiyyətin qurulması üçün hazırda heç bir siyasi partiyada rəhbər vəzifə tutmayan şəxslərin, o cümlədən İsa Qəmbər və Cəmil Həsənli kimi təcrübəli siyasi xadimlərin vasitəçilik təşəbbüsünə ehtiyac var. 

Nəhayət, 2020-ci il seçkiləri ərəfəsində əhalinin siyasi cəhətdən fəallaşdırmaq üçün bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri münasib sınaqdı. Məsələn, demokratik qüvvələr Bakı şəhəri üzrə rayon bələdiyyələrinə vahid seçki blokunda qoşulmaqla həm seçkiqabağı təşviqatda yerli səviyyəli problemləri önə çıxarar, həm seçicilərlə birbaşa ünsiyyətə girər, həm də fərqli yerli idarəçilik anlayışını təqdim edərlər. Bununla da 2020-ci il parlament seçkilərinə hazırlıqla bağlı imkanlar, çatışmazlıqlar və problemləri praktiki olaraq saf-çürük etmək üçün imkan yaranar.

15 iyunun “legitimlik” hekayəsi

Bizim siyasi leksikonumuzda nadir hallarda işlənən terminlərdən biri “ictimai dürüstlük” anlayışıdı. Müstəqillik dövründə bir çox siyasi anlayış kimi bu prinsip də diqqətdən kənarda qalıb. Siyasət və idarəçilikdə təmsil olunan, yaxud bundan bəhs edən hər kəsin ictimai dürüstlük prinsipini gözləməsi, manipulyasiya, dezinformasiya və populizmdən uzaq duraraq, ictimai rəyi çaşdırmaması və yanlış yönləndirməməsinə ehtiyac var.

Amma hakim siyasi çevrələrin bu prinsipə önəm verməməsinin ən bariz örnəyi 4 iyun 1993-cü il olaylarından sonra yaşanan qeyri-legitim hakimiyyət dəyişikliyi ilə bağlıdı. Bəlkədə hakim siyasi qüvvənin hakimiyyətə gəlməsinin başlanğıc hekayəsi kimi bu olaylarla manipulyasiya başadüşüləndir. Amma az-çox hüquq və siyasət elmindən xəbərdar olan şəxs bu olaylara münasibətdə dürüst davranmaq və mülahizə yürütməyə borcludu.

26 il öncəki hakimiyyət dəyişikliyinə həm universal prinsiplər, həm də o dövrün qanunvericlik bazası müstəvisində baxmaq zəruridi. Bu zaman siyasi şəraiti şişirtmədən, uydurmadan və kompleks araşdırmaq vacibdi. Beləliklə, 18 iyunda Elçibəyin Kələkiyə səfər etməsi, ardınnca 29 avqustda onun prezidentlik səlahiyyətlərinin əlindən alınması ilə bağlı referendumun keçirilməsi və 3 oktyabra növbədəkənar prezdent seçkisinin təyin edilməsi həm siyasi, həm də hüquqi baxımdan qüsurlu olub. Əgər 15 oktyabrda Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi siyasi razılaşmanın nəticəsi idisə, 18 iyundan sonra yaşananlar ölkə başçısı ilə razılşadırılmamışdı. Ortada siyasi konsensus yox idi. Qəbul edilmiş referendum aktı da tez-tələsik, ümumi siyasi mənafe ilə uzlaşmayan, daha çox qiyamçı silahlı dəstə və müxalif siyasi qüvvələrin hüquqsuz davranışının nəticəsi idi. Ötən 26 ildə həmin 3 aylıq dönəmdə yaşanan olaylara əsaslandırılmış hüquqi izahat verilmədiyi üçün miflər uydurulur. Çünki ortada prezidentin istefası barədə könüllü istəyi və ya fəaliyyət qabiliyyətsizliyi haqqında tutarlı mövqe yox idi.

Məsələn, belə bir mif uydurublar ki, guya ölkənin müstəqilliyinə təhlükə vardı. Yalandı. Bəli, ölkənin ərazi bütövlüyünə təhlükə vardı. Ancaq ərazi itirmək müstəqilliyi itirmək deyildi. Hərçənd hakimiyyət dəyişikliyi ilə nəticələnən 3 aylıq bir dönəmdə 6 rayon itirilsə də, bu müstəqilliyin itirilməsi ilə sonuclanmadı. Və indi sual ortaya çıxır – silahlı qiyamçılara qarşı Elçibəy hökuməti ilə həmrəy siyasi mövqe nümayiş etdirməyənlər 3 aylıq dönəmdə nə dərəcədə dürüst davranıblar? Çünki böhranın tez-tələsik həlli üçün legitimlik deyil ərazi itkisindən yayınma diqqətə alınıbsa, bu baş vermədi – ərazi itirildi.

Cənubda Talış Muğan respublikası və şimalda “Sadval”çıların aksiyaları ilə bağlı separatizm halları da yetərincə şişirdilib. Nə TMR-in elan olunması, nə də “Sadval”çıların çağrışları yerli əhali arasında ictimai dəstək qazandı. Əksinə  hər iki bölgədə seperatist addımlar yerli əhalinin etirazı və biganəliyi ilə üzləşdi. Konkret olaraq, seperatizmin baş qaldırmasına görə Elçibəyin cavabdehliyinə gəlikdə, bu proses onun de-fakto hakimiyyətdə olduğu dönəmə deyil, 4 iyun sonrakı siyasi dönəmə (!)və Bakıdan uzaqlaşdığı dövrə təsadüf edir.