Mədəni yaddaşımızdakı Rəsulzadə…

Ayaq üstdə duranlar: Soldan Əhməd bəy Pepinov və Aslan bəy Səfikürdski. 
Əyləşənlər: Xəlil bəy Xasməmmədov və Məmməd Əmin Rəsulzadə, iyun 1918-ci il, İstanbul
Foto araşdırmaçılar Ədalət Tahirzadə və Dilqəm Əhmədin arxivindən

Friedrich Nietzscheyə görə heyvanların genetik proqramı bu canlıların təbii mübarizədə sağ qalmasını təmin edirdisə, insanlarla bağlı vəziyyət fərqli idi. İnsan mövcud olmaq üçün yaşamın anlamını tapmalı, bununla da öz varlığını sürdürməli idi. Bu problemin həllində isə insanların mədəni yaddaşı onlara kömək etdi – əldə edilmiş bilgilər və təcrübələr davranışları yönləndirir, interaktiv şəkildə cəmiyyətə ötürür və nəsildən-nəsilə təkrarlanırdı. Nəticədə yeni sosial təcrübələr və təşəbbüslər yaranırdı. Elmi ədəbiyyatda sosial yaddaşın iki formada təsnifatı verilir – kommunikativ (gündəlik, məişət) və mədəni yaddaş.
Bu gün Məmməd Əmin Rəsulzadənin 135 illik yubileyi ovqatında onun siyasi irsinə indiki münasibəti düşünərkən, qarşıma çıxan müsahibə bu yazını qaralamağa vadar etdi. “Ölkə.Az” veb portalında dərc olunan müsahibədə neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanıma yardım etmiş insanlardan bəhs edilir. Sara xanımın həyatı məşəqətli keçib. Onun dramatik həyatında çox şey var – Çar Rusiyasında aldığı təhsil, qayğısız uşaqlıq və yeniyetməlik həyatı, Sovetlərin gəlişi ilə başlayan kasıblıq, repressiya, maddi yoxsulluq və psixi travma. Keçdiyi ömür yolunun izinə düşüb bizim xalqın travmalarını görürsən. Dərin travmaya uğramış sosial və ya mədəni yaddaşımız. Ən faciəvi tərəfi budur ki, Sara xanımın yaddaşını vərəqləyib 60 illik xatirələrini qələmə alacaq nə bir ziyalı, nə bir jurnalist, nə də bir tarixçi olub. Deyək ki, durğunluq illərində bir qorxu xofu olub, bəs yenidənqurma başlayanda onu danışdırmaq olmazdımı?
Rəsulzadəyə münasibətə gəldikdə, bu bizim mədəni yaddaşımıza münasibətin göstəricidir. Bu yaddaş siyasi, sosial-iqtisadi və mədəni hadisələrlə doludur. Bütün bu olaylar arasında qurulan əlaqələr birləşəndə mədəni kimliyimiz ortaya çıxır. Bu kimliyimizin formalaşmasında müstəsna rolu olan nəslin – 19-cu əsrin sonunda ortaya çıxan tərəqqipərvər ziyalıların mübarizəsində sonuncu hadisə Xalq Cumhuriyyətinin yaranması oldu. Bu prosesdə iştirak edən insanlar arasında Rəsulzadə ən görkəmli siyasi liderlərindən biridir. Ötən il AXC-nin 100 yaşını qeyd elədik. Amma əlamətdar bu hadisəni dövlət rəsmiləri təntənəli şəkildə qeyd etmədilər. Hakimiyyətin həm AXC, həm də Rəsulzadəyə qarşı laqeyd və qısqanc münasibətinə məhz mədəni yaddaşa qarşı barışmazlıq kimi yanaşıram. Çünki bu siyasi yaddaş iqitidara təbliğ etdiyi rəsmi yaddaşı legitimləşdirməyə manelər yaradır.

Birincisi, Rəsulzadə keçmişin rekonstruksiyası üzərində hakimiyyətə gələn Heydər Əliyevin sovet keçmişinə maneə olur. Əliyevin sovet dövründəki fəaliyyəti onun siyasi ömrünün əsas hissəsini təşkil edib. Ötən 26 ildə onu siyasi təcrübəsindən bəhs edilərkən ən geniş təbliğat Sovet dönəminə ayrılıb. Statistik olaraq, hər şey normaldır – Əliyevin DTK-ya sədrliyi, daha sonra AzSSR-ə rəhbərliyi və Moskvada Politbüro dönəmi onun siyasi keçmişinin əsas hissədir. Və bu tarixi siyasi yaddaşda maksimum müsbət və parlaq şəkildə saxlamaq istəyirlər. Amma AXC tarixi və onun qurucularının nəhəng siyasi mübarizəsi o qədər parlaqdır ki, ictimai və mədəni yaddaşda dərhal cazibə yaradır, nəticədə sovet dönəmini üstələyir. Ən əsası Sovet tarixinin Əliyevlə bağlı səhifələri öz cəlbediciliyini itirir.

İkincisi, Əliyevin müstəqillik illərində qurduğu siyasi idarəçilikdə partiya nomenklatura elementləri var. Bir növ sovet dövrünün ədalətsiz və kobud şəkidlə rekonstruksiyası aparılıb. Amma 1920-ci ildən öncə fərqli siyasi tarix və şəxsiyyətlər vardı. Məsələn, Heydər Əliyev Mircəfər Bağırovla müqayisə də çox humanist görünür, amma AXC dövrünün dövlət rəhbərləri ilə müqayisədə idealist və tərəqqipərvər deyil. Əliyev Kommunist partiyasının iyearxiyasında gedə biləcəyi ən yüksək vəzifələrədək yüksəldi. Amma özündən əvvəlki və sonrakı respublika partiya katibləri kimi Moskvanın ona müəyyən etdiyi çərçivədə çalışdı. Siyasi karyerasına bir az tez başlasa Bağırov, bir az gec başlasa Mütəllibov ola bilərdi. Bu obrazları yaratmaq yalnız Kremldən asılı idi.

Üçüncüsü, Rəsulzadənin siyasi dəyərlərinin hələ də aktual qalmasıdır. Hərdən eşidirik ki, Sabir və  Mizrə Cəlil indi də aktualdır. Bu əslində travmalı məddəni yaddaşın təzahürüdür. Çünki mədəni yaddaş hələ də təzələnməyib və inkişaf etmiş dünyadan fərqli olaraq bizim klassik aydınlar bir əsr keçsə də aktuallıqlarını qoruyurlar. Bu anormal mədəni inkişafdır. Nə yazıq ki, siyasi tariximiz də belədir. Rəsulzadə 1952-ci ildəki məqaləsində yazırdı ki, suverenliyimizin bərpasından sonra vətəndaşların ilk işi azad və demokratik seçkilər, azad media qurmaq olmalıdı. Və yaxud onun 1953-cü ildə 28 May münasibətilə aşağıdakı çıxışını dinləyəndə demokratik və bəşəri dəyərlərə vurğusu bizim ölkəmiz üçün indi də əlçatmaz görünür:
https://www.youtube.com/watch?v=qdWMVKdzJuA

Nəhayət, Rəsulzadə irsinin araşdırmaçıları bəzən öz siyasi dünyagörüşlərinə uyğun şərhlərlə onu qiymətləndirməyə çalışırlar. Əvvəla, tarixşünaslığa ideyalogiya gətirmək elmi-metodloji baxımdan ciddi qüsurdur. İkincisi, Rəsuzladə nə turançı, nə dı etnik millətçi olub. Azərbaycan tarixində ilk 3 siyasi partiyadan ikisinin – “Hümmət” sosial-demokrat müsəlman təşkilatı və Müsavat partiyasının həmtsəsiçisi kimi Rəsulzadə Avropa sosial-demokrat ideyalarına bağlı siyasi şəxsiyyət olub. Rəsulzadə 20-ci əsrin əvvəlində milli kimlik məsələsinə, daha sonra milli muxtariyyət və suverenlik ideyasına önəm verən, bununla da milli sərhədələr çərçivəsində ədalətli və demokratik cəmiyyət qurmaq istəyən Avropa siyasi məktəbinin təmsilçisidir. Onun milli dövlət anlayışı həm AXC, həm də mühacirət dönəmlərində anti-Sovet və anti-Rusiya çıxışları ilə müşayiət olunubsa, bu işğala milli dirənişin göstəricisidir. Amma Rəsulzadə heç bir halda milli, dini və ya etnik kimlik üzərində qurulan siyasi idarəçiliyin tərəfdarı və ya iştirakçısı olmayıb.

Maduro seçim etməlidi: Hərbçilər yoxsa siyasi müxalifət

Venesuela ilə bağlı gün ərzində yaşanan siyasi gərginliyi izlyərəkən diqqətimi mühacirətdə olan fəalların narahatlıq dolu yazıları çəkdi. Son bir ilin xronikasına baxanda mühacirlərin narahatlığını anladım.

Dünən yaşanan olaylara əslində 2 hadisə ciddi stimul verib.

Birincisi Milli qvardiya və milli təhlükəsizlik xidməti zabitlərinin Maduro əleyhinə fəallaşması və ona qarşı açıq çağırışlar etməsi son bir ərzində, o cümlədən inaqurasiyadan sonra intensivləşib.
İkincisi isə yanvarın 10-da onun prezidentlik səlahiyyətlərinin icarsına başlaması ilə bağlı andiçmə mərasimi keçirməsi olub. İnaqurasiya xalq aarsında siyasi müxalifət əleyhinə ittihamların artmasına, xüsusən də orduda Maduroya qarşı qrupların fəallaşmasına səbəb olub. Digər tərəfdən də həm ölkə müxalifəti, həm də mühacir qruplarda ciddi əndişə var ki, hərbçilərin avantürası dinc hakimiyyət dəyişikliyini yubada, ölkədə hərbi qarşıdurma yarana bilər. Ona görə də dünən siyasi müxalifət hərəkətə keçərək, kütləvi aksiyalara başladı. Ancaq yayılan bəzi xəbərlərə görə Karakasdan kənarda yerləşən hərbi hissələrdə də hərəkətlilik var.

Yeri gəlmişkən, Brazilayada yenicə seçilmiş prezident Bolsonare keçmiş hərbçidir və bu ölkədə 20 il sürmüş hərbi diktaturanın qızğın müdafiəçisidir Onun qonşu Venesuelada da ciddi nüfuzu var. İfrat sağıçıdır və ABŞ prezidenti Trampla xoş münasibətləri var. Hazırda hər ikisi Maduroya qarşı istənilən formada hakimiyyət dəyişikliyini dəstəkləyirlər. Məsələn, ABŞ səfirinin Karakasdakı bəyanatları heç də diplomatik etiket qayadalarına uyğun deyil və geosiyasi gərginliyi daha da artırır.

Ümid edək ki, Maduro heç bir hərbi zorrakılıq olmadan, dinc yolla hakimiyyətdən çəkiləcək. Bununla da kasıb və korrupsiya girdabında üzən Venesuela üçün ən yaxşıs siyasi mirası qoyacaq – hakimiyyəti hərbçilərə deyil, siyasi müxalifətə dinc yolla ötürülməsini.
Qeyd edim ki, son 2 il ərzində müxtəlif siyasi aksiyalarda 140 nəfər şəxs öldürülüb.
Bu link mühacirlərin Maduroya çağırışı barədə məqalədir.

19 Yanvar mitinqi siyasi canlanma göstəricisidir

Milli Şuranın təşkilatçılığı ilə keçirilən 19 yanvar etiraz mitinqi son illərin ən kütləvi aksiyası olmaqla siyasi məhbuslar problemini aktuallaşdırmaq üçün vacib hadisədir.  Mövcud ağır və çətin siyasi şərtlərdə bu aksiyanın keçirilməsi Xalq Cəbhəsi Partiyası başda olmaqla Milli Şura və Müsavat üzvlərinin ciddi fədakarlığıdır.

Bu aksiyanın əvvəlki mitinqlərlə müqayisədə daha kütləvi keçməsinin səbəbini izah etmək çətindir. Ola bilsin ki, həm Mehman Hüseynovla bağlı ictimai etirazlar, həm də aksiya ilə bağlı geniş təbliğat kütləviliyin təmin olunmasında rol oyanyıb. Hələlik isə aksiyanın təşkili və nəticələri ilə bağlı bəzi müşahidələrimi paylaşım:

  • Aksiyanın əsas tələbi Mehman Hüseynov və siyasi məhbuslara azadlıq olsa da, başqa tələblər də səsləndi. Normaldır.  Heç bir halda dinc etiraz aksiyasında ifadə azadlığını məhudlaşdırmaq olmaz! Amma həm mitinq zamanı, həm də sonra sosial şəbəkələrdə aksiyanın digər tələblərinin olduğu ifadə edildi. Bəzi çıxışçılar kütləvi artım nəticəsində gələcəkdə Bakının iri meydanlarında toplaşmaq tələbi qoyulacağını bəyan etdilər. Məncə, akisya təşkilatçıları və təşəbbüsçüləri araşdırmalıdırlar – tələblər dəyişdikdə kütləvilik də müsbətə doğru dəyişəcəkmi. Bəlkə kütləvilik sırf hazırkı tələblərlə bağlıdır?  Aksiyalar o zaman səmərəli olacaq ki, davamlı etirazlar hakimiyyəti siyasi məhbsuları azad etməyə vadar etsin. Əgər tələblər dəyişkən və çoxsaylı olacaqsa, bu həm yerli, həm də beynəlxalq səviyyədə çaşqınlıq yaradacaq.
  • Mitinqdə kütləviliyə vurğu edən natiqlərin bir çoxu bununla da yeni mərhələnin başlayacağını bəyan etdilər. Yeni mərhələyə keçid dedikdə bunu mövcud ictimai-siyasi süstlükdən imtina, ölkədə siyasi canlanmanın yüksəlməsi kimi başa düşürəm. Əgər mitinqlər buna nail olacaqsa, o zaman son 6 ilin ən ciddi dönüşü yaşanacaq. Siyasi canlanma ümummili demokratik hərəkatın başlanması üçün ilkin şərtdir. Amma hərəkat yalnız mitinqlər vasitəsilə ərsəyə gəlmir. Bunun üçün təşkilatçılar da yeni mərhələyə hazır olmalı, keyfiyyət və kəmiyyət dəyişikliyi yaşamalıdırlar.
  • Mitinq kütləvi siyasi toplantı olduğundan buraya gələnlərin aldığı emosional təssürat önəmlidir. Bu baxımdan vətəndaşa cəmiyyətdə siyasi azlığın təmsilçisi olduğunu unutdurmaq, yüzlər və minlərdən biri olmasını xatırlatmaq üçün aksiya əhəmiyyətlidir. Nəhaəyət, insanlara mənsub olduğu cəmiyyətdə onunla ortaq dəyərləri paylaşan soydaşlarının yaşadığını hiss etməsi üçün toplantılar vacibdir. Bir sözlə mitinq siyasi təcrid ağrısını yaşayan insanlar üçün psixoloji terapiya rolunu oynamalıdır. Bunun üçün çıxışçıların nitqindən tutmuş  səsləndirilən şüarlara qədər diqqətli olmaq gərəkdir. Mitiqnlərdə daha rəngarəng, coşqulu və ahəngdar şüarlara ehtiyac var.
  • Digər məsələ seçilən musiqi parçalardıır. Məsələn, gözləntimin əksinə olaraq, dünən mitinqdə repçi Camal Əlinin My Queen parçası səsləndirilmədi. Son bir ay əzrində #FreeMehman haştaqı ilə yayılan yeganə müsiqi parçası Camal Əliyə məxsusdur. Madam ki, aksiyanın üzərində Mehmanın adı var, demək ki, ona dəstək məqsədilə bəsətələnən rep parçası da uyğun gələrdi. Digər musiqi parçarından isə mərhum Əbülfəz Elçibəyin oyun havası kimi tanınan parça ilə nəyin ismarıcı verildiyi anlaşılan deyil. Və yaxud türk-oğuz feodal adətlərindən bəhs edən “Diriliş” filmindən seçilən musiqi parçası 21-ci əsrdə milli-demokratik hərəkata hansı coşqunu qata bilər? Çağdaş musiqiçilərin (milli və əcnəbi) insan hüquqları, azadlıqlar və demokratik dəyərləri təbliğ edən rok, rep və pop janrında çoxsaylı bəstələri var. Bu bəstələr arasından seçimi isə gənclərin öhdəsinə buraxmaq olar.

Nəhayət, etiraz mitinqləri siyasi mübarizədə son məqsəd, bu cür aksiyalar da əsas göstərici deyil. Mitinqlərə həm də siyasi mübarizədə əzmkarlığı və motivasiyanı qorumaq vasitəsi kimi baxmaq olar. Məsələn, futbol komandalarının çempionatlar arası təlim-məşq toplanışları kimi…

Fransalı millətçilər və britaniyalı avroskeptiklərin YAPsevərliyi

Dünən Avropa Parlamentində (AP) böyük səs çoxluğu ilə qəbul olunan “Mehman Hüseynovun işi” adlı qətnamədə gənc bloqçu ilə yanaşı digər siyasi məbbusların azad edilməsinə çağırış edilir. Bu sənəd 130 nəfərdən artıq siyasi məhbus və onların yaxınları, habelə ölkədə demokratik dəyərlərin qurulmasını arzulayan vətəndaşlarımıza mənəvi-siyasi dəstəkdir. Bu sənədlə bağlı səsvermənin nəticəsi indiyədək rastlaşmadığımız mənzərəni ortaya qoydu. Nəticələrə göz atdıqda ortaya çıxan statistika üzrə maraqlı təxminlər aparmaq olar.

AP-nin 751 üzvündən 597 nəfər qətnamənin qəbulu ilə bağlı səsvermədə iştirak edib. İştirak edən deputatlardan isə nə az-nə çox 533 nəfər (89%) qətnamənin lehinə səs verib. İndiyədək, Azərbaycanla bağlı qəbul edilmiş heç bir sənədə bu qədər çox sayda deputat qatılmamışdı. Qətnamənin əleyhinə səs verənlər, o cümlədən bitərəf qalanlar cəmi 11 faiz olsa da, onların kimliyinə diqqət yetirmək vacibdir. Beləliklə, sənədin əleyhinə səs vermiş 28 nəfərdən 17 nəfər Avropa Millətlər və Azadlıqlar (Europe of Nations and Freedom) siyasi blokunu təmsil edir. AMA-nın tərkibində isə Avropanın sağ-millətçi partiyaları birləşib. Məsələn, bu fraksiyanın əsasını fransalı millətçi Marine Le Penin Milli Yürüş partiyası (keçmiş Fransa Milli Cəbhəsi) üzvləri təşkil edir. Hazırda fraksiyanın AP-da cəmi 35 üzvü var və onların 50 faizi Mehman Hüseynovla bağlı qətnamənin əleyhinə səs verib.

Qətnamənin əleyhinə səs verən deputatların ölkələr üzrə təsnifatı da maraq doğurur. Sözügedən 28 nəfərin 14 nəfəri Fransanı, 3 nəfər Böyük Britaniyanı, 3 nəfər Holandiyanı, 3 nəfər isə Yunanıstanı təmsil edir.

Səsvermədə bitərəf qalan 36 nəfər arasında isə 16 nəfər populist avroskeptik qrupu – Avropa Azadlıq və Birbaşa Demokratiya (Europe of Freedom of Direct Democracy) blokunu təmsil edir. Bu qrupun əsasını isə Britaniyanın populist Müstəqillər partiyası təşkil edir və partiya Avropaya inteqrasiyaya qarşı çıxışları ilə tanınır.

Beləliklə, qətnamənin qəbuluna Avropanın nüfuzlu siyasi qüvvələrindən mühafizəkar, liberal-demokrat, sosialist və yaşılları təmsil edən deputatlar yüksək dəstək veriblər. Sənədin əleyhinə səs verənlər isə ifrat sağ-millətçi və populist qruplardır. Əslində hakimiyyət təmsilçilərinin istər əlacsızlıqdan, istərsə də digər məchul səbəblərdən Avropa Parlamentindəki siyasi azlıqlar, populist və marginal siyasi qruplarla işbirliyi qurması ciddi uğursuzluqdur. Göründüyü kimi, hakim siyasi qüvvə hazırda Avropanı miqrantların üzünə qapatmaq istəyən, Fransa və Böyük Britaniya kimi ölkələrdə milli-dini ayrı-seçkiliyi təbliğ edən siyasi qruplarla işbirliyindədir. Bu cür işbirliyi sayəsində YAP-çıların bundan sonra Azərbaycanın milli maraqlarını bu ölkələrdə yüksək səviyyədə təmsilçiliyi şübhə doğurur.

Mehmanın başladığı ictimai etirazın hədəfləri

Bloqçu Mehman Hüseynova qarşı həbsxanada açılan qondarma cinayət işi geniş ictimai etiraz kampaniyasına çevrildi. Etiraf etməliyik ki, sosial mediada sonuncu dəfə bu cür etiraz 2016-cı ildə Qiyasla Bayramın həbsi zamanı yaşanmışdı. Artıq sosial mediada #FreeMehman tələbi üzrə 150 mindən artıq paylaşım qeydə alınıb. Bu, son 5 ilin ictimai süstlüyü şəraitində olduqca ciddi rəqəmdir. Hazırda Mehmanın başladığı aksiyaya qoşulanlar arasında 7 nəfər siyasi məhbus, 10-dan artıq ictimai fəal və jurnalist var. Pentensiar Xidmətin binası qarşısında etiraz edən və inzibati qaydada həbs olunan fəalların addımını isə fəal vətəndaşlıq nümunəsi saymaq olar.

Mehman Azərbaycanda son 5-6 ildə formalaşan vətəndaş jurnalistikasının ən parlaq təmsilçilsidir. Stajlı siyasi xadimlərin, ictimai fəalların, yazarlar və jurnalistlərin ehtiyatla danışdığı, yaxud heç danışmadığı mövzuları öz üslubunda xalqa çatdırırdı. Azərbaycan vətəndaşları ölkədə baş verən ictimai əclaflıqlara da Mehmanın videoları vasitəsilə virtual təpki verirdi. Virtual aləmdəki populyarlıq Mehmanın minlərlə insanla qurduğu virtual ünsiyyətin nəticəsi idi. İndi gənc bloqçunun növbəti dəfə qondarma ittihamla üzləşməsinə virtual təpki yetərli olmasa da, müşahidə olunan canlanma sıfır nöqtəsində var-gəl eləməkdən daha yaxşdır.

Mehmanın aksiyasından sonra bir daha anladıq ki, hakim siyasi qrupun ölkəmizi tam qaranlığa qərq edə bilməməsinin səbəbi canını və zamanını azad ölkə uğrunda qurban verən insanlarımızdır. Onlar 90-cı illərin sonunda da olub, 2000-ci illərdə də. İndi də bu inanılmaz insanların bir hissəsi Mehman kimi siyasi məhbus həyatı yaşayır. Yeri gəlmişkən, bizə tez-tez eşitdirirlər ki, bu xalqa və ya insanlara görə özünü qurban verməyə dəyməz. Açığı, həbsə düşünədək bu deyimə laqeyd edim. Amma həbsxanada rastlaşdığım rəsmilər bunu tənə ilə o qədər işlədirdilər ki, artıq bu “məsləhət”dən iyrənməyə başladım. Paqonlulara izah etməyə çalışırdım ki, heç kimin uğrunda mübarizə aparmıram, sadəcə öz ideyalarım uğrunda yaşamağa çalışıram. Ləyaqətli yaşam uğrunda mübarizə aparmaq mənim təbii haqqımdır. Buna görə heç kimə minnət qoymuram və heç kimin də tənəsini haqq etmirəm. Ümumiyyətlə, yetkinlik yaşına çatmış insana siyasi mübarizədən, yaxud öz hüquqları naminə çalışmadan çəkinməyi tövsiyyə etmək tərbiyəsizlikdir. Bu cür tövsiyyələri özünə rəvan bilənlər savadlı insanlar olanda isə buna yalnız ədəbi gədalıq demək olar. Ona görə də bu gün Mehman və digər siyasi məhbuslara heç kim məsləhət verməyə çalışmasın, zatən minlərlə dustaq onlara hər gün hansısa “tövsiyyə” verir. Onlara yardım etmək istəyində olan, buna vaxtını ayırmaq istəyən yoldaşlar üçün bəzi qeydlərimi paylaşmaq istərdim.

Mehmanın başladığı aclıq aksiyasını nəticəsiz hesab etmək olmaz. Bu aksiyanı aşağıdakı səbəblərdən səmərəli sayıram:

  • Mehmandan öncə 4 siyasi məhbusa həbsxanada qondarma ittiham üzrə cinayət işi açılıb. Ancaq hakimiyyətin bu cür abırsız repressiya metoduna indiki kimi yetərli ictimai təpki verilməyib.
  • Mehmanın aclıq aksiyasından sonra Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar məsələsi ilə bağlı bu ay növbədənkənar dinləmələr təşkil edəcək. Artıq yeni qətnamələrin hazırlanması və bəzi dövlət rəsmilərinə viza sanksiyalarının tətbiq edilməsi təklif edilir.
  • Son 5 il ərzində ilk dəfə olaraq, vətəndaşların insan hüquqları, xüsusən də siyasi təqiblərə etirazla bağlı milli həmrəylik nəzərə çarpır.

Ancaq hazırda aparılan etiraz kampaniyasının məqsədi tək Mehmanla bağlı deyil və Mehman onlarla siyasi repressiya qurbanından biridir. Bu baxımdan maksimum şəkildə aşağıdakı tələblər yerli və beynəlxalq səviyyədə çatdırılmalıdır:

  • Mehman Hüseynov və digər siyasi məhbuslara qarşı qondarma cinayət işlərinə xitam verilməsi;
  • Həbsxanalarda siyasi məhbuslara qarşı qeyri-insani rəftarın aradan qaldırılması;  
  • Əfv və ya amnistiya aktı vasitəsilə siyasi məhbusların azad edilməsi;

Sonuncu məsələ ilə bağlı həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqət yetirməli olduğu bəzi mətləblər var.

Birincisi, 130 nəfərdən artıq siyasi məhbusun, yəni siyasi  repressiyaların olduğu ölkədə iqtidara milli etimad yarana bilməz. Milli etimada malik olmayan siyasi qrupun hakimiyyəti dövründə cəmiyyət nə korrupsiyaya qarşı mübarizədə, nə ictimai-siyasi sabitliyin qorunmasında, nə sosial rifah və mədəni inkişaf sahəsində, nə də Daqlıq Qarabağ probleminin həllində uğurlar əldə edə bilər.

İkincisi, siyasi repressiyaları görməzdən gələn beynəlxalq transmilli koorporasiyalar  və maliyyə institutları, habelə onların Azərbaycanda maraqlarını təmsil edən dövlətlər ölkə vətəndaşları qarşısında etimadı itirirlər. Belə bir etimadsızlıq mühiti uzun müddət davam edərsə, ölkənin Avropaya inteqrasiyası ciddi şəkildə fəsadlarla üzləşə, cəmiyyətdə anti-demokratik siyasi qüvvələrin nüfuzu arta bilər.

Nəzərə almalıyıq ki, maddi-texniki və insan resurslarının məhdud olduğu şəraitdə uğurlu və uzunmüddətli kampaniya aparmaq çətindir. Ona görə mövcud imkanlardan qənaətlə istifadə etməliyik. Eyni zamanda virtual etirazların bir neçə gün ərzində geniş insan hüquqları hərəkatına çevriləcəyinə inanmaq, buna insanları inadırmaq ya sadəlöhvlük ya da riyakarlıq olar. Alman dissident yazarı Heinrix Mann demiş, demokratiya sonu görünməyən döyüşdür və onu hər gün yenidən başlamaq gərəkdir. Əgər ictimai fəallar bütün ümidlərini yaşadığımız günə bağlasalar, sabah qarşılaşacağımız uğursuzluqdan sarsılacaqlar.

Etiraz kampaniyasının səmərəli təşkili üçün aşağıdakı tədbirlər gərəklidir:

  1. Aclıq aksiyasına qoşulanların səhhətini həkim nəzarətində saxlamaq, bu məqsədlə könüllülərdən ibarət müstəqil tibbi yardım qrupu yaradaraaq onların fiziki durumu barədə ictimaiyyəti məlumatlandırmaq;
  2. Həbsxanalarda aclıq edən siyasi məhbuslara Ombudsman, Ədliyyə Nazirliyi yanında İctimai Komitə, Avropa Birliyi, Avropa Şurası, BMT və Qızıl Xaç Cəmiyyəti təmsilçilərinin baş çəkməsi üçün müraciətlər etmək;
  3. Avropa Parlamenti nümayəndələri və AŞPA üzvlərinə e-poçt və sosial media vasitəsilə mürciətlər edərək, siyasi məhbuslarla bağlı qətnamələrin qəbulunda dəstək istəmək;
  4. Azərbaycan hakim siyasi elitasına ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Belçikada himayədarlıq edən lobbi qruplarına açıq və kütləvi şəkildə müraciətlər edərək, etiraz aksiyasının məqsədlərini izah etmək. Bununla yanaşı adıçəkilən 5 Qərb dövlətinin xarici siyasət idarələri, parlament üzvləri və Bakıdakı səfirliklərindən siyasi məhbuslar məsələsi ilə bağlı münasibət bildirilməsi üçün çağırışlar etmək. Bu müraciətlərə paralel olaraq, həmin ölkələrin nüfuzlu media orqanlarına da göndərmək.

Sonuncu addım çərçivəsində xaricdə yaşayan azərbaycanlıların üzərinə daha çox iş düşür. Əfsus ki, xaricdəki mühacir qurumlar hələ də fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi çevrələrində nüfuzlu və etibarlı qurumlar kimi qəbul edilmirlər. Ümumiyyətlə, xaricdəki soydaşlarımız Azərbaycanda kimlərisə təşkilatlandırıb siyasi fəallığa cəlb etməkdənsə, Qeybət TV-lər yaratmaqdansa, yaşadıqları ölkələrin siyasi çevrələrinə inteqrasiya etsələr, ölkəmizdə insan hüquqları və demokratikləşmə prosesinə daha çox töhfə vermiş olarlar.

Milli həmrəylik nağılı

31 Dekabr rəsmi təqvimdə Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilir. Amma iki gün öncə Mehman Hüseynovu şərləyib, ona qarşı saxta ittiham düzüb-qoşan soydaşlarımızla necə həmrəy olasan?! Mehman hazırda onlarla siyasi repressiya qurbanından biridir və onunla birgə siyasi məhbusların sayı 120 nəfərdən çoxdur. Aralarında ömrünün 10 ildən çoxunu Qobustanda təkadamlıq kamerada zamanı öldürənlər, həbsxananın yarıqaranlıq kitabxanalarında senzuradan keçirilmiş kitablarla zamanı qazanmaq istəyənlər var.

Onların lənətlərini görməzdən gələnlər bu gün AzTV-lərə çıxıb bəh-bəhlə milli həmrəylikdən bəhs edəcəklər. Bəs bu adamlarla eyni vətəndaşlığı paylaşmağımız həmrəyliyimiz üçün əsasdımı? Xeyr. Çünki eyni dəyərləri paylaşmırıq! Biz onlarla eyni mətbəxi, eyni küçələri, eyni məkanları, eyni musiqiləri, hətta Günəşi və havanı paylaşırıq. Amma eyni dəyərləri paylaşmırıq.

Bəs ölkəni güzəran üzündən, siyasi təzyiqlər ya da sosial rifahdan dolayı tərk edən minlərlə vətəndaşımız? Onlara nə üzlə “həmrəylik gününüz mübarək” deyəcəksiz?

Bu cür təbriklər saxta görünəcək. Siyasi repressiyanın, talançılığın, rüşvətin, saxta seçkilərin, siyasi azadlıqlara basqıların olduğu ölkədə milli həmrəylik ola bilməz.

Ümumiyyətlə, keçmiş siyasi məhbus Tofiq Yaqublunun bir fikri ilə razıyam ki, 31 delkabr Dünya azərbaycanlıları günü kimi anılsa daha yaxşıdı. Çünki milli həmrəylik günü anlayışında bir totalitarizm elementi var. Yəni sən ölkənin keçmiş və indiki vətəndaşları ilə onların siyasi baxışlarına, ictimai mövqeyinə fərq qoymadan həmrəy olmalısan. Yaxud 26 ildir dəyişməyən siyasi rejimin arzuladığı rəiyyət olmalı, vətəndaş hüquqlarını tələb etməməlisən. Yaramaz və əsasız yanaşmadır. Ən yaxşısı bu günü ilin sonu kimi qeyd etməkdir. Səmimi olaq. Biz olsa-olsa bir-birimizə yeni iliniz uğurlu olsun deyə bilərik. Və ən gözəl ilimiz qarşıdadır – bir gün ölkədə siyasi məhbuslarsız il olacaq…

Yeni iliniz mübarək!