İqtidara minnətdarlıq duyğusu

“Yumşalma”nın qısamüddətli və uzunmüddətli məqsədləri

Ölkə başçısının sərəncamı ilə 52 siyasi məhbusun azad olunması sistemli şəkildə aparılan siyasi repressiyanın aradan qalxması anlamına gəlmir. Hazırda 70-dən artıq siyasi məhbus həbsdə, bütün siyasi azadlıqlar isə yalnız kağız üzərindədir. Mövcud siyasi məhdudiyyətlər nəticəsində ictimai məkan 6 il öncə ilə müqayisədə tamamilə işğal olunub. Ancaq son əfv sərəncamından öncə baş verən bəzi sosial yönümlü tədbirlər – yarım milyon insanın kredit borclarının silinməsi, bəzi şəhid ailələrinə birdəfəlik təzminatların ödənilməsi və minimum əmək haqqının artırılması tipli sosial-iqtisadi xarakterli sərəncamlar son olayları bir-birindən ayırmadan nəzərdən keçirməyi zəruri edir. Və hazırda hər kəsi düşündürən bir məsələ var – baş verənlərin arxasında hansı məqsədlər durur.

Şərti olaraq “yumşalma” adlanan bu tədbirlərin səbəbləri barədə əfv sərəncamı imzalanan gün sosial mediada şəxsi mülahizələrimi paylaşdım. Bunlara daha ətraflı aşağıda toxunacağam. Amma bir amili heç bir halda görməzdən gəlməyə haqqımız yoxdur. Hakim siyasi qüvvə durub-dururkən 52 siyasi məhbusu azadlığa buraxıb sosial yönümlü güzəştlərə gedirsə bu nə siyasi islahatlarla bağlı iradənin göstəricisi, nə də ölkədə demokratik dəyişikliklərin carçısıdır. Çünki, 2016-cı ildə keçirilmiş referendum vasitəsilə hakim siyasi ailəni qayğılandıran “varislik planı”nin elə bu tarixdən ciddiləşdiyi bəlli oldu. Həmin referendumla dəyişən konstitusion müddəalara görə seçkidə namizədlik üçün yaş limiti aradan qalxıb, prezidentlik müddəti 5 ildən 7 ilə uzadılıb, vitse-prezidentlik institutu yaradılıb. Referendumdan 5 ay sonra ölkə başçısının öz həyat yoldaşını 1-ci vitse-prezident təyin etməsi, bu təyinatdan 1 il sonra isə növbədənkənar prezident seçkisinin elan edilməsi varislik planın tərkib hissəsidi. Nəhayət, böyük ehtimalla növbəti və ya növbədənkənar parlament seçkilərində hakim ailəyə mənsub gənc şəxs(lər)in deputatlığa namizədliyinin şahidi olacağıq.

İndi isə son 2 ayda “yumşalma” kimi təqdim edilən, amma daha çox “varislik planı”nın uğurlu icrasına yönələn tədbirləri şərtləndirən daxili və xarici faktorlara diqqət yetirək.

Artan sosial narazılıq

Azərbaycan bölgədə yeganə ölkədir ki, son illər sırf sosial tələblərlə keçirilən etiraz aksiyalarında iştirak edənlər siyasi məhbusa çevrilirlər. Məsələn, Quba, İsmayıllı, Sumqayıt, Mingəçevir və Gəncə olaylarında saxlananları xatırlayaq. Əgər Quba və İsmayıllıda sosial durumdan narazı insanlar öz etirazlarını sərt və xaotik şəkildə biruzə verirdilərsə, Sumqayıt və Mingəçevirdə bu aksiyalar daha dinc və kollektiv şəkildə cərəyan etdi. Ötən il Gəncə icra başçısına sui-qəsdin gercəçkləşməsi sosial etirazın daha radikal forması idi. Nəhayət, 19 yanvar mitinqindən sonra iqtidarın ciddi təlaşa qapıldığının şahidi olduq. Bu təlaşa əsas da vardı – sosial mediada bu aksiyadan hazırlanmış videoları izləyənlərin sayı bir gün ərzində milyondan çox idi. Məhz bu səbəbdən də 19 yanvardan bəri heç bir aksiyaya izacə verilmir.

Maliyyə böhranı

2015-ci il yaşanan maliyyə böhranının mənfi nəticələri hələ də aradan qalxmayıb. Son 4 il ərzində adam başına düşən milli gəlir təxminən 2 dəfə azalıb. Bəzi ekspertlər yaxın illərdə Azərbaycanın Ümumi Daxili Məhsul üzrə göstəricilərinin Gürcüstan və Ermənistanla müqayisədə daha da azalacağını təxmin edirlər.

Ermənistanda baş verən məxməri inqilab

Ötən il Ermənistanda yaşanan hakimiyyət dəyişikliyi 3 Cənub Qafqaz respublikası arasında Gürcüstandan sonra dinc və sivil qaydada cərəyan edən ikinci siyasi hadisə idi. İqtidarın vaxtaşırı xatırlatdığı Suriya ssenarsiindən fərqli olaraq, həm yerli, həm də xarici müşahidəçilər gördülər ki, hakimiyyət dəyişikliyi post-sovet məkanı, xüsusən də Avropa Şurasına üzv ölkələrdə kənar müdaxilə olmadıqda zorrakılıqla baş vermir. İkincisi, Ermənistanda yaşananlara əsasən Rusiyadan “xortdan” obrazı düzəltməyə də əsas yoxdur – Kreml üçün qonşu ölkələrin daxili siyasi quruluşları deyil, xarici geosiyasi seçimləri önəmlidi.

Avropa Birliyi ilə Strateji tərəfdaşlıq üzrə saziş

AB bölgədə nə Rusiya, nə də ABŞ kimi hərbi-siyasi güc deyil. Amma bölgədəki 3 dövlətlə iqtisadi münasibətlər, o cümlədən birbaşa maliyyə yardımları AB-ni ən yüksək maliyyə partyoruna çevirib. Hərbi maraqları olmayan belə bir qurumla əməkdaşlıq hər baxımdn iqtidara sərfəlidi. Amma AB təkcə iqtidarla xoş münasibətləri olan Federika Mogelini və ya Johannes Handan ibarət deyil, bu qurumda Azərbaycanla münasibətlərdə insan hüquqları və qanunun aliliyinə önəm verən qruplar və strukturlar var. Bu baxımdan sazişin tez bir zamanda heç bir maneə olmadan imzlanması hakim siyasi qüvvəyə maraqlarına cavab verir.

Bölgədə Türkiyə-Rusiya-İranın hərbi-siyasi əməkdaşlığı

Erdoğan höküməti Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq, Türkiyəni bölgədə 3 kiçik respublikanın siyasəti münasibətlərinə müdaxilə etmək gücündə olan Rusiya və İranla hərbi-siyasi ittifaqa qoşub. Bu ittifaqın yalınız Suriyadakı vətəndaş müharibəsi ilə bağlı formalaşdığı söylənsə də, Türkiyənin Rusiyadan S-400 raketlərinin alınması üzrə razılaşması nəticəsində Qərblə hərbi-siyasi əməkdaşlığının zəiflədiyi müşahidə edilir. Əslində Azərbaycan kimi kiçik və avtoritar ölkədə bu ittifaq siyasi rejimin xarici siaysət kursunun kövrəkliyini sınağa çəkir. Nəticədə iqtidarın balanslaşdırma siyasəti üçün siyasi məkan məhdulaşır və imkanları tükənir.

Yuxarıdakı daxili və xarici faktorları bir torbaya yığanda iqtidarın cari durumunun heç də ürəkaçan olmadığı bəlli olur. Bu baxımdan hakim siyasi qrupun diqqət çəkən əsas qayğısı heç də hakimiyyəti indiki problemlərin doğuracağı çıxılmazlıqlardan qorumaq deyil. İndi əsas qayğı varislik planına təhlükələri dəf edərək, bu yolu hamarlamaq və uzun müddət hakimiyyətdə qalmağı təmin etməkdi. Belə olduqda təbii olaraq, indi atılan addımlar siyasi islahatlar səciyyəsi daşımır. Bu “yumşalma” əsasən qısamüddətli və uzunmüddətli məqsədlər əldə etməyə yönəlib:

Qısamüddətli məqsədlər:

  1. Sosial narazılqıları yumşaldaraq ölkə vətəndaşlarının qismən də olsa ictimai etimadını qazanmaq, bununla da həm yerli, həm də xarici siyasi tənqidləri azaltmaq;
  2. Yumşalan siyasi tənqidlərin nəticəsi olaraq, AB ilə strateji əməkdaşlqı sazişini maneəsiz imzalamaq, maliyyə yardımları və kreditləri artırmaq;
  3. Bölgədəki supergüclərin təhdid və təzyqilərinə qarşı rejimin siyasi kövrəkliyini həm yerli, həm də beynəlxalq dəstək hesabına sığortalamaq;

Uzunmüddətli məqsədlər:

  1. Qarşıdakı 6 il ərzində bələdiyyə, parlament və prezident seçkiləri keçiriləcək. Şübhəsiz ki, bu institutlara müxalif siyasi təşkilatların gücsüz və imkansız şəkildə iştirakı üçün siyasi azadlıqların məhdudlaşdırılması taktikasından imtina olunmayacaq. Ancaq bəzi sosial-iqtisadi tədbirlər, o cümlədən vaxtaşırı verilən siyasi amnistiyalarla hakim siyasi qüvvə bu seçkilər ərəfəsi bölgədəki və Qərbdəki siyasi havadarlarına təbliğat materialları ötürəcək. 
  2. Siyasi hakimiyyətin hakim ailənin digər üzvünə ötürülməsi ilə bağlı legitimlik məsələsinin yerli və beynəlxalq səviyyədə mübahisələndirilməsinə maneə olmaq. Məsələn, bu məqsədlə növbəti parlament seçkilərinin ən azı 2010-cü ilin siyasi atmosferində keçirilməsi, müxalifətdən yalnız 50-dək şəxsin namizədliyinin qeydiyyatı, bu şəxslərdən 5-10 nəfərin parlamentə seçilməsinə imkan verilməsi keçmişdə yaşanmış siyasi tamaşalardandı.

Ümumiyyətlə, iqtidarın yumşalma siyasətinə, xüsusən də son əfv sərəncamına müsbət reaksiyalar göstərdi ki, cəmiyyətdə məyusluq və əzilmişlik ruhu olduqca yayğınlaşıb. Bu ovqatda olan insanların minnətdarlıq duyğusunu qazanmaq üçün oğurlanmış milyardların mində bir hissəsini sosial problemlərə xərcləmək,  siyasi məhbusların sayını dramatik şəkildə artırıb sonra yarısını azad etmək, arada bir jurnalistlərlə görüşmək, xaricdə yaşayan incik soydaşlarımızı vaxtaşırı vətəninə dəvət etmək, saray yazarları və  sənətçilərinin məişət problemlərini həll etmək kifayət edir. Səbəb isə hələ də toplum olaraq aydın siyasi hədəflərə və yetkin viziona malik olmamağımız, çağdaş siyasi kimliklərə yiyələnə bilməməyimizdi. Bunlar isə geniş və ayrıca araşdırılası mövzulardı.

Mədəni inkşafın göstəriciləri: niyə Gürcüstandan geridəyik?

Ötən həftə ölkə başçısı bir qrup teatr, kino və incəsənət xadimi ilə görüşərək, onlara mədəniyyətin inkişafını müzakirə etmək istədiyini bildirdi. Görüşdə səslənən məddah çıxışlarla yanaşı bəzi şikayətlər mövcud mədəni durğunluğun səviyyəsini göstərdi.

Mədəniyyət yarandığı çoğrafiyada yaşayan toplumun sosial varlığını, milli kimliyi və mövcudluğunu təmsil edir. Və sosial mahiyyəti olmayan heç bir mədəniyyət inkişaf edə bilməz. Çünki mədəniyyət sosial mühitin bir parçasıdı və mədəni inkişaf mövcud sosial şərtlərdən kənarda baş vermir. Bu baxımdan mədəni inkişafa ölkədəki sosial rifah göstəriciləri və universal mədəni standartlar müstəvisində qiymət verilməlidi. Amma görüşdə bəlli oldu ki, hakimiyyət mədəniyyətə çağdaş dünyanın qəbul etdiyi standartlardan deyil, gerilikçi siyasi prizmadan yanaşır. Tədbirdə mədəniyyətlə bağlı dövlətin sosial siyasəti nə təhlil edildi, nə də problemlərin köklü səbəbləri göstərildi. Özlərini mədəniyyətin içində hesab edən aktyor, müğənni və yazıçılar isə dövlətin mədəni siyasətini təhlil edəcək cəsarətdə və bacarıqda olmadıqlarını, ən yaxşı halda mənsub olduqları sahələrin peşəkarları olduqlarını göstərdilər.

Gürcüstan örnəyi

Şübhəsiz ki, ölkəmizdə mədəni inkişaf göstəriçilərini dövlətə rəhbərlik edən şəxslər hamıdan yaxşı bilirlər. Amma bu göstəriciləri daha geniş auditoriyanın müzakirəsinə buraxmaq faydalı olardı. Oxucunu BMT-nin universal standartları, o cümlədən UNESCO-nun tövsiyyələriylə yormadan, daha asan metod – müqayisəli təhlildən yararlanaq. Qonşu Gürcüstanla Azərbaycanın 2017-ci il üzrə mədəniyyət və incəsənət sahəsində statistik göstəricilərini tutuşdurdum. Nəzərə alaq ki, həmin il üzrə Azərbaycanda adambaşına düşən milli gəlir 15600 dollar, Gürcüstanda isə 9186 dollar olub. Azərbaycan əhalisi 9,8 milyon, Gürcüstan əhalisi 3,7 milyon nəfərdir.

Beləliklə, həm BMT-nin hesabatları, həm də hər iki ölkənin rəsmi qurumlarının paylaşdığı rəqəmlərə baxaq:

Göstəricilər Azərbaycan Gürcüstan
Muzeylərin sayı 238 241
Muzeyə gələnlərin
sayı
3 milyon 1,9 milyon
Kinozallar 9 5
Teatrların sayı 28 49
Sənədli film istehsalı 0 10
Teatr tamaşaçı sayı 704 min 576 min
TV kanallar 11 12
Radio sayı 13 23
Dövlət büdcə vəsaiti 149 mln ABŞ dolları 175 mln ABŞ dolları

İnsaf naminə qeyd edək ki, hazırda Gürcustanda kino istehsalı nəinki Cənubi Qafqaz, hətta digər post-sovet ölkələri üzrə müqayisədə ciddi nailiyyətlər əldə edib. Bu sektora ayrılan dövlət və qeyri-dövlət maliyyə vəsaitləri hər il Avropa film festivallarına yeni əsərlər göndərməyə imkan verir.

Gürcüstanın mədəni sahədə inkişafını göstərən digər faktor bu ölkədə kitabxana işinin sürətlə yayılmasıdı. Tiflisə səfər edən jurnalistlərə Parlament Kitabxanası, Milli Kitabxana, Çavçavadze və Saakaşvili adına kitabxanalara baş çəkib, zəngin ədəbiyyatla tanış olmağı məsləhət görürəm.

Teatrlara gəldikdə, Gürcüstandakı 49 teatrdan 38 dram teatrı, 2 uşaq, 7 kukla və 2 opera teatrı kimi çalışır.

Yuxarıdakı cədvəldəki göstəriciləri hər ik ölkənin əhalisi üzrə adambaşına hesablayanda çox fərqli mənzərə yaranır. Kimsə düşünə bilər ki, gürcülər bizdən fərqli olaraq, asudə vaxtlarında teatr və kinoya getməyi, yaxud kitab oxumağa daha çox üstünlük verir. Əsl səbəb bu deyil. Məsələ burasındadır ki, Gürcüstanda bizdən fərqli olaraq mədəni inkişafa inzibati, siyasi və iqtisadi məhdudiyyətlər yoxdur. Ən önəmlisi isə mədəni inkişaf üçün zəruri şərtlər var.

Mədəni inkişafı buxovlayan faktorlar

Birincisi, ifadə azadlığına barışmaz münasibət göstərən siyasi rejimlərdə mədəni inkişaf ola bilmir. Məsələn, yazıçılardan Bayram Bayramovun ədəbi irsinə qadağa, Əkrəm Əylislinin və Rüstəm İbrahimbəyova hücumlar, aktyor İlqar Cahangir və Abbas Qəhrəmonova təzyiqlər Azərbaycan mədəni mühitini də sarsıtdı. Bu sahədə tənqidi ruhu və yaradıclıq azadlığını buxovladı.

İkincisi, milli gəlirlin normal bölünməməsi nəticəsində vətəndaşların maddi durumu yaxşılaşmır, teatra və kinoya pul xərcləmək imkanı formalaşmır. Nəticədə isə aktyorlar və bəstəkarlar öz sənəti hesabına dolana bilmir, prezidentin xüsusi fondundan (yeri gəlmişkən, bu fondun mövcudluğu ölkədə absurd büdcə siyasətinin təzahürüdü) ayrılan vəsaitlərə möhtac qalırlar. Biznes mühitinə məhdudiyyətlər də imkanlı şəxslərin sosial layihələrə, o cümlədən ədəbiyyat və sənətə ürəklə pul xərcləməsinə imkan vermir. Ümumiyyətlə, Azərbaycan hakimiyyətini mədəniyyətə xəsisliklə və minnətlə pul xərcləməyi, xərcləmək istəyənə maneəçiliyi aradan qalxsa, teatrlar, kinozallar, kitabxanalar və muzeylər bir-biri ilə sağlam rəqabət şəraitində inkişaf edərlər.

Üçüncüsü, dövlət aparatını ağuşuna almış korrupsiya. Hakimiyyət korrupsiya ilə o qədər qucaqlaşıb ki, mədəniyyəti Gürcüstan kimi subsidiyalarla, qrantlar və dotasiyalarla dəstəkləmək durumunda deyil. Çünki maddi tamah cavabdehlik və məsuliyyət hissini  üstələyib.

Nəhayət, postsovet siyasi əxlaqı ilə idarə olunan ölkədə iqtidar müstəqil sənət və yaradıcılıq mühitin yaranmasından ehtiyatlanır. Necə ki, Stalin və Brejnev sənəti özlərindən asılı vəziyyətdə saxlmaqla bundan hakimiyyətin təbliğatı üçün istifadə edirdilər, eyni metodu əsası Heydər Əliyev tərəfindən qoyulmuş post-sovet idarəçiliyinin davamçıları da yürüdürlər. Bu cür inzibati metoddan imtina etmiş Gürcüstanda yazıçılar, kitabxanaçılar, aktyorlar, bəstəkar və müğənnilər onlarla qurumda birləşiblər. Bu qurumlar həm dövlət, həm də qeyri-dövlət təşkilatlarından aldıqları qrantlar hesabına festivallar, sərgilər və mühazirələr təşkil edirlər. Nə onlar ölkə başçısının yadına düşür, nə də ölkə başçısı onlarla görüşməyi özünün proqramına salır. Çünki hərənin öz yaradıcılıq sahəsi var.

P.S: UNESCO-nun məlumatına görə, 2016-cı ildə Gürcüstanda 3 milyon nüxsədən artıq kitab, jurnal və qəzet nəşr olunub, təxminən adama 1 nəşr düşür. Bizdə belə göstərici üzrə statistik məlumat tapa bilmədim.

İşgəncəyə etiraz edirik!

“Demokratiya insan ləyaqəti məsələsidi və insan ləyaqəti siyasi azadlığın özüdür” (Olof Palme)

Foto Meydan TV-nin veb səhifəsindən götürülüb.

Orxan Pamuk “Qara kitab”ında yazır ki, heç nə həyatın özü qədər heyrətedici ola bilməz, təbii ki yazı xaric… Pamuk bu fikri ilə insanoğlunun 5 min öncə əldə etdiyi yazı bacarığının möcuzəsi ilə yanaşı real həyat hadisələrinin oxuduğumuz əsərlər və seyr etdiyimiz filmlərdən daha heyrətli olduğuna diqqət çəkir. Günümüzdə o qədər inanılmaz olaylar yaşanır ki, ən istedadlı təxəyyül sahibi bunları uydurmaqda aciz qala bilər.

Yanvarın sonunda “Müsəlman Birliyi” Hərəkatının sədri, siyasi məhbus  Taleh Bağırzadə yerli və beynəlxalq insan haqları təşkilatlarına müraciət edərək, Qobustan qapalı rejimli həbsxanasında yaşanan insanlıq faciəsinə biganə qalmamağa çağırdı. Məlum oldu ki, Talehlə birgə “Nardaran olayı” üzrə tutulan daha iki siyasi məhbus – Cabbar Cabbarov və Abbas Hüseyn fiziki işgəncələrə məruz qalıblar. Bu şəxslərə qarşı işgəncələrə dair məlumatlar mediada ətraflı dərc olunub.

Bundan bir həftə öncə Xalq Cəbhəsi Partiyasını qanunsuz maliyyələşdirməkdə ittiham edilərək həbs edilən Saleh Rüstəmli və digər siyasi məhbusların Ağır Cinayətlər Məhkəməsində işgəncə barədə tükürpədən ifadələrinə tanış olduq. İşgəncələri təsəvvür etdikcə adamı dəhşət bürüyür.

Aqil Məhərrəmli, Babək Həsənov və Vidadi Rüstəmlinin ifadələrini dönə-dönə oxuyun. Və bunlar Sovetlər dönəminin NKVD, Hitler Almaniyasının Gestaposunda deyil, 2018-ci ildə Azərbaycanın polis idarəsində yaşanıb. Bu insanlara işgəncə verilən günü təsvvür etməyə çalışıram. Deyək ki, Bakıda adi günlərin birində “Bandotdel”in otağında elektroşokla verilən işgəncənin təsirindən Aqilin qolunda kapilyar damarlar partlayıb. Babək Həsənovun bədənində Qarabağ döyüşlərindən qalma yarasına zərbələr vurublar, sonra elektrik cərəyanı sayəsində ittihama qol çəkdiriblər. Vidadi Rüstəmlini isə tualetdə öz təbii ehtiyacını ödəyərkən videoya çəkiblər.

Yuxarıda adıni çəkdiyim şəxslər işgəncələrə məruz qalan yeganə siyasi məhbuslar deyillər. “Nardaran işinə” görə həbs edilən digər siyasi məhbusların, Qiyas və Bayramın döyülməsi ictimaiyyətə tanışdır. Amma işgəncə təkcə döyülmək və ya elektrik cərəyanı ilə həyata keçirilmir. Günahsız olaraq həbs edilmək işgəncənin ilkin psixoloji təzahürüdür. Bunun ardınca saxlanma müddətində düzgün qidalanma və gigiyena qaydalarından məhrum olmaq, anti-sanitariya şəraitində saxlanmaq və sair hallar da işgəncədir. Özümün başıma gələn iki olayı xatırlayram. Kürdəxanıda bir dəfə Turan agentliyinin suallarına cavab verdiyim üçün kameramda axtarış aparıldı və bütün qələm-karandaşlar aparıldı. Sonra köşürüldüyüm 13 saylı “zon”da isə kitabxanada yazmaq üçün zəruri stolları apardılar. Yazı yaazmaq üçün dizimizin üstünə kitab qoymalı olurduq. Oxuyub-yazmağı gündəlik vərdişə çevirən adamlar üçün hər iki hal psixoloji işgəncədir.

Hakimiyyət nə istəyir?

Siyasi məhbuslara münasibətdə işgəncələr tədricən siyasi repressiyanın tərkib hissəsinə çevrilib. İşgəncə halları hüquqda insan ləyaqətinin alçaldılması və insan ruhunun məhv edilməsi kimi yolverilməz, insanlıq əleyhinə cinayət kimi səciyyələnir. Bəs bu əməllər nəyin naminə törədilir? Bu amansızlığın niyyəti nədir?

Kimin icra etməsindən asılı olmayaraq, işgəncə hallarına görə polis və ədliyyə işçsisi ilə yanaşı Prezident administrasiyasındakı məmurlar, hakimlər və prokurorluq orqanları rəhbərləri məsuliyyət daşıyırlar. Onlar hamılıqla siyasi repressiya aparatının işlənməsinə cəlb olunublar, kimisə ayırmaq sadəlöhvlük olar. Bu hallar məhkəmə-hüquq sisteminin feodalizm ənənələri ilə idarə olunmasının göstəricisidi. Karl Marks belə siyasi rejimlər barədə yazırdı ki, feodalizmdə dövlət aparatı məzlumlardan zəngin feodalları qorumaq vasitəsidir.

Hazırda işgəncə siyasi repressiyanın bir formasıdır və repressiya məqsəd deyil, vasitədir – siyasi hakimiyyəti qorumaq və siyasi opponentləri zərərsizləşdirmək naminə istifadə olunan anti-insani vasitə.

Narahatlığa əsas varmı?

Əgər indiki müxalifətin istifadə etdiyi mübarizə vasitələri və üsullarını saf-çürük eləsək, hakim siyasi qrupu uğurlu hesab etmək olar. Çünki uzun illər apardıqları “radikal müxalifət” təbliğatı öz bəhrəsini verib və bu ölkədə heç bir siyasi qüvvə vətəndaş itəatsizliyi, sivil müqavimət və ictimai etimadsızlıq kampaniyaları barədə düşünmür. İqtidar razılıq verəndə dinc etiraz aksiyasını keçirir, prezidentliyə və ya deputatlığa namizəd olurlar. Biz illərdir ki, seçkilərin saxtalaşdırılmasında iştirak edənlərin, işgəncə verən polislər və müstəntiqlərin, təyinatlı deputatların, saxta hökm çıxaran hakimlərin ictimai qaydada qınanmasına nail ola bilmirik. Beləliklə, hakimiyyətin ortada olan siyasi mübarizə vasitələrindən çəkinməsi üçün əsası yoxdur. Amma buna rəğmən sərt və amansız üsullardan yararlanırlar. Şübhəsiz ki, 25 ildir davam edən siyasi repressiyalara məhəl qoymayan fədakar insanlara nifrət edirlər. Onların nəinki azadlıqda, hətta həbsxanada belə fərqli düşünməsindən qəzəblidirlər.

Amma bir məsələdə yanılırlar ki, yaratdıqları siyasi mühit yeni siyasi üsullar meydana çıxara bilər. Əgər insanlar siyasi nifrətlərini şəxsiləşdirsələr, yaxud mövcud siyasi birliklərin seçdiyi mübarizə vasitələrini səmərəsiz hesab etsələr, qeyri-ənənəvi və qeyri-dinc siyasi mübarizə üsullarına üstünlük verəcəklər. Ötən il Gəncədə yaşanan sui-qəsd bu nifrətin qeyri-ənənəvi ifadəsi idi. Ən təhlükəlisi “tək adam”ların çoxalmasıdır…

Məhbusun dini, milli və siyasi mənsubiyyəti önəmli deyil

Hazırda 130-dan artıq siyasi məhbus var. Hamını diqqətdə saxlayıb ictimai müdafiəni gücləndirmək çətindir. Xüsusən də 2013-dən başlayaraq, hakimiyyətin vətəndaş cəmiyyətinə basqıları institutsional fəaliyyəti məhv edib. Amma tədricən vətəndaş cəmiyyətinin toparlanamsı baş verəcək və hüquq müdafiəçiliyi yenidən dirçələcək. Bu proses təbii əkildə gedəcək və bir neçə ilə ölkədə yeni ictimai qruplar formalaşacaq. Ancaq hakimiyyət dayanmır və hər gün kiminsə həbsi, yaxud işgəncə olayının şahidi oluruq. Bu tendensiya bizi mövcud resurslar hesabına insan hüquqlarını müdafiəsini qurmağı, siyasi repressiyalara qarşı ictimai müqaviməti təşkil etməyi zəruri edir. Və bu prosesdə özünün gələcəyini Azərbaycanda görən, bu ölkəyə fiziki və ya ruhi anlamda bağlı olan hər kəs iştirak etməlidi. Tutduğu ictimai mövqedən və ya peşəsindən asılı olmayaraq, siyasi repressiyalara, o cümlədən işgəncələrə etiraz ilk olaraq insanlıq, ikincisi vətəndaşlıq məsələsidi. Amma prosesin insan hüquqlarının müdafiəsi naminə aparılmasını arzu ediriksə, bəzi nüansları nəzərə almalıyıq.

Birincisi, həbsdə olan siyasi məhbuslar arasında “kim daha çox incidilir” müqayisəsi aparmaq yolverilməzdir. Ümumiyyətlə, nəinki siyasi məhbuslar, hətta həbsdəki adi dustaqlarla siyasi məhbuslar arasında müqayisə aparmaq yanlışdı. Bunu etnik zəmində etmək isə heç olmaz. Məsələn, milliyətcə erməni olan dustaq Arsen Baqdasaryanla yaxşı rəftar olunması bir qəbahət kimi gsötərilir. Bu doğru yanaşma deyil. Azadlığı məhdulaşdırılmış istənilən şəxslə – hərbi əsir və girov, ya dustaq olmasından asılı olmayaq, qeyri-insani davranış təbliğ edilməməlidi. Eyni şəkildə Mehman Hüseynovun daha çox müdafiə olunmasını anlayışla qarşılamalıyıq.

İkincisi, Taleh Bağırzadə və digər inanclı siyasi dustaqları müdafiə etmək yalnız şiə müsəlmanların deyil, bütün sivil dünyagörüşlü vətəndaşlarımızın vəzifəsidir. Unutmayaq ki, biz Müsəlman Birliyi Hərəkatı üzvlərini müdafiə edəndə onların siyasi baxışlarını deyil, insan haqlarını, o cümlədən universal prinsipləri müdafə edirik. İranda 10 ay müddətinə həbs edilən Abbas Lisaninin azadlığı üçün çağrışlar da insan hüquqlarının müdafiəsi çərçivəsində olamlıdır. Amma Lisanini müdafiə edən soydaşlarımız hazırda işgəncələrlə üzləşən Talehi, Abbası, Qiyasi və digərlərini unudanda, bu yarımçıq görünür. Kantın təbirincə desək, başqasının azadlığını müdafiə etmək özünə layiq bildiyin azadlığı qorumaqdı və bu təmənnalı olmamalıdı. Çünki azadlıq haqqı ədalətin əsasıdır və onu müdafiə etmək bizim insani təbiətimzidən doğan vəzifəmizdir.

Nə etməli?

Ümid edirəm ki, hazırda həm məhkəmə prosesi gedən cəbhəçilər, həm də digər siyasi məhbuslara qarşı törədilən işgəncələrlə bağlı şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək. Ancaq bu məhkəmələrdə ədlə olunacaq nəicələrədək, həm yerli, həm də beynəlxalq ictimaiyyətin mövcud siyasi repressiyalara, xüsusən də işgəncə hallarına təpkisi önəmlidir. Hələlik mümkün hesab etdiyim tədbirləri təklif edirəm:

  1. Həbsxanalarda siyasi məhbusların saxlanma şəraiti və son işgəncə halları ilə bağlı Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ombudsmana kollektiv şəkildə sorğular göndərmək;
  2. BMT-nin İşgəncələr üzrə məruzəçisi və və Avropa Şurası İşgəncələr Əleyhinə Komitəsini araşdırma aparmaq üçün ölkəyə dəvət etmək;
  3. İşgəncə hallarına yol vermiş orqanlar və onların rəhbərləri ilə bağlı sanksiyaların verilməsi üçün Avropa Birliyi ölkələri və ABŞ-ın ölkəmizdəki səfirliklərinə müraciət etmək;
  4. Yerli və beynəlxalq mediada vaxtaşırı işgəncə halları ilə bağlı fərdi və kollektiv şəkildə etiraz etmək

“Columbia”nın sonuncu missiyası

Bəzən problemlər barədə danışmaq yox bağırmaq gərəkdi

Ekipajdan bir nəfər İsrail, qalanları ABŞ vətəndaşları olub.

16 yanvar 2003-cü ildə Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən 7 nəfərlik ekipajla Columbia hava gəmisinin orbitə uçuşu başladı. Ekspedisiya 16 gün ərzində 80 müxtəlif ekspriment həyata keçirməli, iki komanda şəklində yerə radiotestlər göndərməli idi. Gəmi 15 gün 22 saat sonra yerə doğru enişə başlayır. Sakit oken üzərindən Texas ştatına doğru yaxınlaşanda alışaraq yanır, bütün ekipaj həlak olur. Bu 1986-cı ildə qəzaya uğramış Challenger orbit gəmisindən sonra NASA tarixində ikinci faciə idi. Qəzanın səbəbləri uzun müddət araşdırılıb.

Gəmilər adətən fəzaya çatanda raket ondan planlaşdırılan şəkildə ayrılır. Yekun nəticəyə görə, uçuşa qalxarkən Columbia-nın korpusunu daşıyan raketdən düşən köpük sürətlə gəminin sol qanadına dəyərək, 25sm diametri olan dəlik açıb. Nəticədə qəza üçün zəmin yaranıb. Fəzada olduğu müddətdə gəmidə heç bir problem hiss olunmayıb. Amma Yerə yaxınlaşanda atmosfer qatında olan qazlar saatda 28000 km surətlə uçan gəminin qanadındakı deşikdən içəri daxil olub yanğına səbəb olur. Hərarət yerə yaxınlaşdıqca daha da artır və 1500C dərəcəyədək artır. Enişə az qalmış cəmi 16 saniyə ərzində partlayış baş verir. Gəmi Hyuston yaxınlığında 84 min hissəyə parçalanır.

Bu qəzanın səbəblərini barədə iki ay öncə faciənin içində olmuş ilkin mənbələrdən detalları öyrənmək imkanım oldu. Bizim qrupa Dövlət sektorunda İdarəçi Liderlik kursunu tədris edən professor Sean O’Keefe uzun illər ABŞ müdafiə nazirliyinin müxtəlif strukturlarında, o cümlədən ABŞ Hərbi-dəniz qüvvələrinin katibi və NASA-nın administratoru kimi olub. Respublikaçı çevrlərə bağlı ekspert kimi həm ata, həm də oğul Buşların administrasiyasında çalışıb.

Bizim 30 nəfərlik qrup üçün o təkcə professor kimi deyil, həmçinin keçmiş məmur kimi maraqlı idi. Onun kursu üçün hər həftə müxtəlif hadisələr üzrə araşdırma təqdim etməliydik. Günlərin birində araşdırma mövzusu 2003-cü ildə qəzaya uğramış Columbia hava gəmisi oldu. Seminarın ən maraqlı tərəfi Columbia qəzaya uğrayanda professorun NASA-nın rəhbəri olması idi. Müzakirə üçün Harvard Biznes Məktəbinin hazırladığı material seçilmişdi və material gəmi ilə bağlı bütün protokollar, sxemlər və stenoqramlarla zəngin idi. Mövzuya maraq və həyəcan o qədər yüksək idi ki, professor müzakirəyə keçmiş astronavt William F. Readdy-ni də dəvət etmişdi. Hər ikisi çxış etdikdən sonra, qəza barədə hazırlanmış 10 dəqiqəlik filmi seyr etdik. Suallar, rəylər və müzakirələr başladı. Qəzanın texniki səbəbləri, hava-gəmiləri və raketlərin kontrol sistemləri, NASA daxilində kommunikasiya, Pentaqonla münasibətlər, dünyada aerofizika və astronavtika sahəsində durum, Rusiya, Çin və Yaponiya ilə kosmosda  əməkdaşlıq, böhran anında menecment və sair müzakirə edildi.

Qəzaya gəldikdə, səbəbləri müəyyən etmək üçün 700 nəfərdən artıq ekspertin cəlb olunduğu iki araşdırma qrupu çalışıb, 30 mindən artıq sənəd yoxlanılıb və bir neçə test keçirilərək, qəzanın səbəbləri öyrənilib. Bizi bu qəza ilə bağlı ən çox maraqlandıran faciəni önləmək və ekipajı xilas etmək imkanları idi. Professor O’Keefin izahatı və araşdırma qrupunun hesabatları bu suallarımıza müəyyən aydınlıq gətirdi.

Columbia havaya qalxarkən raketdən ayrılan köpüyün sol qanada düşməsi iki video görüntüdən yalnız birində nəzərə çarpır.  Amma bu görüntü qərar vermək üçün yetərli olmur. Bu səbəbdən də raketdən düşən köpüyün vurduğu zərbənin səviyyəsini və ölçüsünü, habelə mümkün zədə trayektoriyasını müəyyən etmək, buna müvafiq olaraq qəzanı prqonozlaşdırmaq çətin olur. Köpüyün düşdüyü yeri isə əldə olan yeganə video görüntü ilə deyil, əlavə foto şəkillərlə dəqiqləşdirmək ehtiyacı yaranır. Bu ehtiyacı isə ən çox hiss edən və uçuşun birinci günü e-poçtla öz menecerinə bildirən Rodney Rocha adlı mühəndis olur. Amma 15 gün ərzində NASA, Boeing və Müdafiə Nazirliyi təmsilçiləri yeni foto görüntülərin əldə olunması ilə bağlı yekun razılığa gələ bilmirlər. Ekspertlərdən heç biri Rocha qədər köpüyün zərbəsindən qəza baş verəcəyini ciddi ehtimal etmir. O, hər dəfə video klipi izlədikcə onun düşdüyü trayektoriyadan narahat olduğunu həmkarlarına bildirir. Menecerlərlə yazımalarında 2 dəfə əlavə görüntü olmasını zəruri sayır. Amma israrlı olmur. Üçüncü e-məktubu yazır, daha qətiyyətlə narahatlığını dilə gətirir. Bu məktubu isə menecerə göndərməyə ya cəsarət eləmir, ya da təşəbbüs…
NASA-nın Uçuşlar üzrə direktoru çox sonra onu məzəmətləyir ki, “sən müzakirələrdə rahatsızl olduğunu, bu görüntülərin təcili olduğunu, problemin vacibliyini danışmalıydın, menecerlərinin üstünə bağırmalıydın”. O isə öz şübhələri ilə bağlı israr etmək üçün “balaca adam” olduğunu bildirir.
Bəs mühəndis daha tələbkar olsaydı, bu nəyi dəyişərdi? Professor bizə izah elədi ki, bu zaman Pentaqonla əla saxlayıb Columbianın yeni video-foto görüntülərini əldə etmək üçün yardım istəniləcəkdi. Çünki həmin dövrdə orbitdə Pentaqonun da kosmik aparatı olub.
Bəs tutaq ki, video-foto görüntülər əldə olunacaq və korpusun zədələndiyi müəyyən olunacaqdı,  o zaman növbəti addım nə olardı? Bu halda ekspert qrupu qərar verəcəkdi ki, gəminin atmosfer qatına yaxınlaşması təhlükəlidir.
Araşdırıcı komissiyanın rəyində qeyd edilir ki, “əgər uçuşun 7-ci gününədək zədələr müəyyən edilsəydi, NASA gəminin daha 30 gün fəzada qalmasını qərar verəcəkdi”. Amma ekipajı xilas etmək üçün yeganə versiya Atlantis hava gəmisini orbitə göndərib Columbia ilə görüşdürmək və ekipajı evakuasiya etmək olacaqdı. Komissiyanın rəyində isə NASA rəhbərliyinin cüzi bir yanlışlıq səbəbindən hər iki hava gəmisini itirə bilmık ehtimalından çəkinərək, evakuasiya planını işə salacağı təsdiqlənməyib.
Komissiya qəzanın fiziki-texniki səbəblərlə yanaşı NASA-da təşkilati kommunikasiya məhduiyyətləri səbəbindən kritik məlumatların yayılmasının əngəlləndiyini, bununla da mühəndis Rochun narahatlıqları və müraciətlərinin təmin olunmadığını bildirib.

Bu qəzanın araşdırıldığı müddətdə O’Keefe öz vəzifəsindən istefa verərək, bunu komissiyanın daha rahat araşdırma aparması istəyi ilə izah edib.

Professor indiyədək həlak olan astronavtların ailə üzvləri ilə əlaqə saxlayır və hər ilin 1 fevralını keçmiş astronavtlarla qeyd edir. Akademik fəaliyyəti ilə yanaşı hərdən kosmik layihələr və proqramlarla bağlı məqalələrlə çxış edir. Bu günlərdə Çinin Aya göndərdiyi missiya ilə bağlı maraqlı məqaləsi yayılıb.

Mədəni yaddaşımızdakı Rəsulzadə…

Ayaq üstdə duranlar: Soldan Əhməd bəy Pepinov və Aslan bəy Səfikürdski. 
Əyləşənlər: Xəlil bəy Xasməmmədov və Məmməd Əmin Rəsulzadə, iyun 1918-ci il, İstanbul
Foto araşdırmaçılar Ədalət Tahirzadə və Dilqəm Əhmədin arxivindən

Friedrich Nietzscheyə görə heyvanların genetik proqramı bu canlıların təbii mübarizədə sağ qalmasını təmin edirdisə, insanlarla bağlı vəziyyət fərqli idi. İnsan mövcud olmaq üçün yaşamın anlamını tapmalı, bununla da öz varlığını sürdürməli idi. Bu problemin həllində isə insanların mədəni yaddaşı onlara kömək etdi – əldə edilmiş bilgilər və təcrübələr davranışları yönləndirir, interaktiv şəkildə cəmiyyətə ötürür və nəsildən-nəsilə təkrarlanırdı. Nəticədə yeni sosial təcrübələr və təşəbbüslər yaranırdı. Elmi ədəbiyyatda sosial yaddaşın iki formada təsnifatı verilir – kommunikativ (gündəlik, məişət) və mədəni yaddaş.
Bu gün Məmməd Əmin Rəsulzadənin 135 illik yubileyi ovqatında onun siyasi irsinə indiki münasibəti düşünərkən, qarşıma çıxan müsahibə bu yazını qaralamağa vadar etdi. “Ölkə.Az” veb portalında dərc olunan müsahibədə neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanıma yardım etmiş insanlardan bəhs edilir. Sara xanımın həyatı məşəqətli keçib. Onun dramatik həyatında çox şey var – Çar Rusiyasında aldığı təhsil, qayğısız uşaqlıq və yeniyetməlik həyatı, Sovetlərin gəlişi ilə başlayan kasıblıq, repressiya, maddi yoxsulluq və psixi travma. Keçdiyi ömür yolunun izinə düşüb bizim xalqın travmalarını görürsən. Dərin travmaya uğramış sosial və ya mədəni yaddaşımız. Ən faciəvi tərəfi budur ki, Sara xanımın yaddaşını vərəqləyib 60 illik xatirələrini qələmə alacaq nə bir ziyalı, nə bir jurnalist, nə də bir tarixçi olub. Deyək ki, durğunluq illərində bir qorxu xofu olub, bəs yenidənqurma başlayanda onu danışdırmaq olmazdımı?
Rəsulzadəyə münasibətə gəldikdə, bu bizim mədəni yaddaşımıza münasibətin göstəricidir. Bu yaddaş siyasi, sosial-iqtisadi və mədəni hadisələrlə doludur. Bütün bu olaylar arasında qurulan əlaqələr birləşəndə mədəni kimliyimiz ortaya çıxır. Bu kimliyimizin formalaşmasında müstəsna rolu olan nəslin – 19-cu əsrin sonunda ortaya çıxan tərəqqipərvər ziyalıların mübarizəsində sonuncu hadisə Xalq Cumhuriyyətinin yaranması oldu. Bu prosesdə iştirak edən insanlar arasında Rəsulzadə ən görkəmli siyasi liderlərindən biridir. Ötən il AXC-nin 100 yaşını qeyd elədik. Amma əlamətdar bu hadisəni dövlət rəsmiləri təntənəli şəkildə qeyd etmədilər. Hakimiyyətin həm AXC, həm də Rəsulzadəyə qarşı laqeyd və qısqanc münasibətinə məhz mədəni yaddaşa qarşı barışmazlıq kimi yanaşıram. Çünki bu siyasi yaddaş iqitidara təbliğ etdiyi rəsmi yaddaşı legitimləşdirməyə manelər yaradır.

Birincisi, Rəsulzadə keçmişin rekonstruksiyası üzərində hakimiyyətə gələn Heydər Əliyevin sovet keçmişinə maneə olur. Əliyevin sovet dövründəki fəaliyyəti onun siyasi ömrünün əsas hissəsini təşkil edib. Ötən 26 ildə onu siyasi təcrübəsindən bəhs edilərkən ən geniş təbliğat Sovet dönəminə ayrılıb. Statistik olaraq, hər şey normaldır – Əliyevin DTK-ya sədrliyi, daha sonra AzSSR-ə rəhbərliyi və Moskvada Politbüro dönəmi onun siyasi keçmişinin əsas hissədir. Və bu tarixi siyasi yaddaşda maksimum müsbət və parlaq şəkildə saxlamaq istəyirlər. Amma AXC tarixi və onun qurucularının nəhəng siyasi mübarizəsi o qədər parlaqdır ki, ictimai və mədəni yaddaşda dərhal cazibə yaradır, nəticədə sovet dönəmini üstələyir. Ən əsası Sovet tarixinin Əliyevlə bağlı səhifələri öz cəlbediciliyini itirir.

İkincisi, Əliyevin müstəqillik illərində qurduğu siyasi idarəçilikdə partiya nomenklatura elementləri var. Bir növ sovet dövrünün ədalətsiz və kobud şəkidlə rekonstruksiyası aparılıb. Amma 1920-ci ildən öncə fərqli siyasi tarix və şəxsiyyətlər vardı. Məsələn, Heydər Əliyev Mircəfər Bağırovla müqayisə də çox humanist görünür, amma AXC dövrünün dövlət rəhbərləri ilə müqayisədə idealist və tərəqqipərvər deyil. Əliyev Kommunist partiyasının iyearxiyasında gedə biləcəyi ən yüksək vəzifələrədək yüksəldi. Amma özündən əvvəlki və sonrakı respublika partiya katibləri kimi Moskvanın ona müəyyən etdiyi çərçivədə çalışdı. Siyasi karyerasına bir az tez başlasa Bağırov, bir az gec başlasa Mütəllibov ola bilərdi. Bu obrazları yaratmaq yalnız Kremldən asılı idi.

Üçüncüsü, Rəsulzadənin siyasi dəyərlərinin hələ də aktual qalmasıdır. Hərdən eşidirik ki, Sabir və  Mizrə Cəlil indi də aktualdır. Bu əslində travmalı məddəni yaddaşın təzahürüdür. Çünki mədəni yaddaş hələ də təzələnməyib və inkişaf etmiş dünyadan fərqli olaraq bizim klassik aydınlar bir əsr keçsə də aktuallıqlarını qoruyurlar. Bu anormal mədəni inkişafdır. Nə yazıq ki, siyasi tariximiz də belədir. Rəsulzadə 1952-ci ildəki məqaləsində yazırdı ki, suverenliyimizin bərpasından sonra vətəndaşların ilk işi azad və demokratik seçkilər, azad media qurmaq olmalıdı. Və yaxud onun 1953-cü ildə 28 May münasibətilə aşağıdakı çıxışını dinləyəndə demokratik və bəşəri dəyərlərə vurğusu bizim ölkəmiz üçün indi də əlçatmaz görünür:
https://www.youtube.com/watch?v=qdWMVKdzJuA

Nəhayət, Rəsulzadə irsinin araşdırmaçıları bəzən öz siyasi dünyagörüşlərinə uyğun şərhlərlə onu qiymətləndirməyə çalışırlar. Əvvəla, tarixşünaslığa ideyalogiya gətirmək elmi-metodloji baxımdan ciddi qüsurdur. İkincisi, Rəsuzladə nə turançı, nə dı etnik millətçi olub. Azərbaycan tarixində ilk 3 siyasi partiyadan ikisinin – “Hümmət” sosial-demokrat müsəlman təşkilatı və Müsavat partiyasının həmtsəsiçisi kimi Rəsulzadə Avropa sosial-demokrat ideyalarına bağlı siyasi şəxsiyyət olub. Rəsulzadə 20-ci əsrin əvvəlində milli kimlik məsələsinə, daha sonra milli muxtariyyət və suverenlik ideyasına önəm verən, bununla da milli sərhədələr çərçivəsində ədalətli və demokratik cəmiyyət qurmaq istəyən Avropa siyasi məktəbinin təmsilçisidir. Onun milli dövlət anlayışı həm AXC, həm də mühacirət dönəmlərində anti-Sovet və anti-Rusiya çıxışları ilə müşayiət olunubsa, bu işğala milli dirənişin göstəricisidir. Amma Rəsulzadə heç bir halda milli, dini və ya etnik kimlik üzərində qurulan siyasi idarəçiliyin tərəfdarı və ya iştirakçısı olmayıb.

Maduro seçim etməlidi: Hərbçilər yoxsa siyasi müxalifət

Venesuela ilə bağlı gün ərzində yaşanan siyasi gərginliyi izlyərəkən diqqətimi mühacirətdə olan fəalların narahatlıq dolu yazıları çəkdi. Son bir ilin xronikasına baxanda mühacirlərin narahatlığını anladım.

Dünən yaşanan olaylara əslində 2 hadisə ciddi stimul verib.

Birincisi Milli qvardiya və milli təhlükəsizlik xidməti zabitlərinin Maduro əleyhinə fəallaşması və ona qarşı açıq çağırışlar etməsi son bir ərzində, o cümlədən inaqurasiyadan sonra intensivləşib.
İkincisi isə yanvarın 10-da onun prezidentlik səlahiyyətlərinin icarsına başlaması ilə bağlı andiçmə mərasimi keçirməsi olub. İnaqurasiya xalq aarsında siyasi müxalifət əleyhinə ittihamların artmasına, xüsusən də orduda Maduroya qarşı qrupların fəallaşmasına səbəb olub. Digər tərəfdən də həm ölkə müxalifəti, həm də mühacir qruplarda ciddi əndişə var ki, hərbçilərin avantürası dinc hakimiyyət dəyişikliyini yubada, ölkədə hərbi qarşıdurma yarana bilər. Ona görə də dünən siyasi müxalifət hərəkətə keçərək, kütləvi aksiyalara başladı. Ancaq yayılan bəzi xəbərlərə görə Karakasdan kənarda yerləşən hərbi hissələrdə də hərəkətlilik var.

Yeri gəlmişkən, Brazilayada yenicə seçilmiş prezident Bolsonare keçmiş hərbçidir və bu ölkədə 20 il sürmüş hərbi diktaturanın qızğın müdafiəçisidir Onun qonşu Venesuelada da ciddi nüfuzu var. İfrat sağıçıdır və ABŞ prezidenti Trampla xoş münasibətləri var. Hazırda hər ikisi Maduroya qarşı istənilən formada hakimiyyət dəyişikliyini dəstəkləyirlər. Məsələn, ABŞ səfirinin Karakasdakı bəyanatları heç də diplomatik etiket qayadalarına uyğun deyil və geosiyasi gərginliyi daha da artırır.

Ümid edək ki, Maduro heç bir hərbi zorrakılıq olmadan, dinc yolla hakimiyyətdən çəkiləcək. Bununla da kasıb və korrupsiya girdabında üzən Venesuela üçün ən yaxşıs siyasi mirası qoyacaq – hakimiyyəti hərbçilərə deyil, siyasi müxalifətə dinc yolla ötürülməsini.
Qeyd edim ki, son 2 il ərzində müxtəlif siyasi aksiyalarda 140 nəfər şəxs öldürülüb.
Bu link mühacirlərin Maduroya çağırışı barədə məqalədir.

19 Yanvar mitinqi siyasi canlanma göstəricisidir

Milli Şuranın təşkilatçılığı ilə keçirilən 19 yanvar etiraz mitinqi son illərin ən kütləvi aksiyası olmaqla siyasi məhbuslar problemini aktuallaşdırmaq üçün vacib hadisədir.  Mövcud ağır və çətin siyasi şərtlərdə bu aksiyanın keçirilməsi Xalq Cəbhəsi Partiyası başda olmaqla Milli Şura və Müsavat üzvlərinin ciddi fədakarlığıdır.

Bu aksiyanın əvvəlki mitinqlərlə müqayisədə daha kütləvi keçməsinin səbəbini izah etmək çətindir. Ola bilsin ki, həm Mehman Hüseynovla bağlı ictimai etirazlar, həm də aksiya ilə bağlı geniş təbliğat kütləviliyin təmin olunmasında rol oyanyıb. Hələlik isə aksiyanın təşkili və nəticələri ilə bağlı bəzi müşahidələrimi paylaşım:

  • Aksiyanın əsas tələbi Mehman Hüseynov və siyasi məhbuslara azadlıq olsa da, başqa tələblər də səsləndi. Normaldır.  Heç bir halda dinc etiraz aksiyasında ifadə azadlığını məhudlaşdırmaq olmaz! Amma həm mitinq zamanı, həm də sonra sosial şəbəkələrdə aksiyanın digər tələblərinin olduğu ifadə edildi. Bəzi çıxışçılar kütləvi artım nəticəsində gələcəkdə Bakının iri meydanlarında toplaşmaq tələbi qoyulacağını bəyan etdilər. Məncə, akisya təşkilatçıları və təşəbbüsçüləri araşdırmalıdırlar – tələblər dəyişdikdə kütləvilik də müsbətə doğru dəyişəcəkmi. Bəlkə kütləvilik sırf hazırkı tələblərlə bağlıdır?  Aksiyalar o zaman səmərəli olacaq ki, davamlı etirazlar hakimiyyəti siyasi məhbsuları azad etməyə vadar etsin. Əgər tələblər dəyişkən və çoxsaylı olacaqsa, bu həm yerli, həm də beynəlxalq səviyyədə çaşqınlıq yaradacaq.
  • Mitinqdə kütləviliyə vurğu edən natiqlərin bir çoxu bununla da yeni mərhələnin başlayacağını bəyan etdilər. Yeni mərhələyə keçid dedikdə bunu mövcud ictimai-siyasi süstlükdən imtina, ölkədə siyasi canlanmanın yüksəlməsi kimi başa düşürəm. Əgər mitinqlər buna nail olacaqsa, o zaman son 6 ilin ən ciddi dönüşü yaşanacaq. Siyasi canlanma ümummili demokratik hərəkatın başlanması üçün ilkin şərtdir. Amma hərəkat yalnız mitinqlər vasitəsilə ərsəyə gəlmir. Bunun üçün təşkilatçılar da yeni mərhələyə hazır olmalı, keyfiyyət və kəmiyyət dəyişikliyi yaşamalıdırlar.
  • Mitinq kütləvi siyasi toplantı olduğundan buraya gələnlərin aldığı emosional təssürat önəmlidir. Bu baxımdan vətəndaşa cəmiyyətdə siyasi azlığın təmsilçisi olduğunu unutdurmaq, yüzlər və minlərdən biri olmasını xatırlatmaq üçün aksiya əhəmiyyətlidir. Nəhaəyət, insanlara mənsub olduğu cəmiyyətdə onunla ortaq dəyərləri paylaşan soydaşlarının yaşadığını hiss etməsi üçün toplantılar vacibdir. Bir sözlə mitinq siyasi təcrid ağrısını yaşayan insanlar üçün psixoloji terapiya rolunu oynamalıdır. Bunun üçün çıxışçıların nitqindən tutmuş  səsləndirilən şüarlara qədər diqqətli olmaq gərəkdir. Mitiqnlərdə daha rəngarəng, coşqulu və ahəngdar şüarlara ehtiyac var.
  • Digər məsələ seçilən musiqi parçalardıır. Məsələn, gözləntimin əksinə olaraq, dünən mitinqdə repçi Camal Əlinin My Queen parçası səsləndirilmədi. Son bir ay əzrində #FreeMehman haştaqı ilə yayılan yeganə müsiqi parçası Camal Əliyə məxsusdur. Madam ki, aksiyanın üzərində Mehmanın adı var, demək ki, ona dəstək məqsədilə bəsətələnən rep parçası da uyğun gələrdi. Digər musiqi parçarından isə mərhum Əbülfəz Elçibəyin oyun havası kimi tanınan parça ilə nəyin ismarıcı verildiyi anlaşılan deyil. Və yaxud türk-oğuz feodal adətlərindən bəhs edən “Diriliş” filmindən seçilən musiqi parçası 21-ci əsrdə milli-demokratik hərəkata hansı coşqunu qata bilər? Çağdaş musiqiçilərin (milli və əcnəbi) insan hüquqları, azadlıqlar və demokratik dəyərləri təbliğ edən rok, rep və pop janrında çoxsaylı bəstələri var. Bu bəstələr arasından seçimi isə gənclərin öhdəsinə buraxmaq olar.

Nəhayət, etiraz mitinqləri siyasi mübarizədə son məqsəd, bu cür aksiyalar da əsas göstərici deyil. Mitinqlərə həm də siyasi mübarizədə əzmkarlığı və motivasiyanı qorumaq vasitəsi kimi baxmaq olar. Məsələn, futbol komandalarının çempionatlar arası təlim-məşq toplanışları kimi…