Mədəni inkşafın göstəriciləri: niyə Gürcüstandan geridəyik?

Ötən həftə ölkə başçısı bir qrup teatr, kino və incəsənət xadimi ilə görüşərək, onlara mədəniyyətin inkişafını müzakirə etmək istədiyini bildirdi. Görüşdə səslənən məddah çıxışlarla yanaşı bəzi şikayətlər mövcud mədəni durğunluğun səviyyəsini göstərdi.

Mədəniyyət yarandığı çoğrafiyada yaşayan toplumun sosial varlığını, milli kimliyi və mövcudluğunu təmsil edir. Və sosial mahiyyəti olmayan heç bir mədəniyyət inkişaf edə bilməz. Çünki mədəniyyət sosial mühitin bir parçasıdı və mədəni inkişaf mövcud sosial şərtlərdən kənarda baş vermir. Bu baxımdan mədəni inkişafa ölkədəki sosial rifah göstəriciləri və universal mədəni standartlar müstəvisində qiymət verilməlidi. Amma görüşdə bəlli oldu ki, hakimiyyət mədəniyyətə çağdaş dünyanın qəbul etdiyi standartlardan deyil, gerilikçi siyasi prizmadan yanaşır. Tədbirdə mədəniyyətlə bağlı dövlətin sosial siyasəti nə təhlil edildi, nə də problemlərin köklü səbəbləri göstərildi. Özlərini mədəniyyətin içində hesab edən aktyor, müğənni və yazıçılar isə dövlətin mədəni siyasətini təhlil edəcək cəsarətdə və bacarıqda olmadıqlarını, ən yaxşı halda mənsub olduqları sahələrin peşəkarları olduqlarını göstərdilər.

Gürcüstan örnəyi

Şübhəsiz ki, ölkəmizdə mədəni inkişaf göstəriçilərini dövlətə rəhbərlik edən şəxslər hamıdan yaxşı bilirlər. Amma bu göstəriciləri daha geniş auditoriyanın müzakirəsinə buraxmaq faydalı olardı. Oxucunu BMT-nin universal standartları, o cümlədən UNESCO-nun tövsiyyələriylə yormadan, daha asan metod – müqayisəli təhlildən yararlanaq. Qonşu Gürcüstanla Azərbaycanın 2017-ci il üzrə mədəniyyət və incəsənət sahəsində statistik göstəricilərini tutuşdurdum. Nəzərə alaq ki, həmin il üzrə Azərbaycanda adambaşına düşən milli gəlir 15600 dollar, Gürcüstanda isə 9186 dollar olub. Azərbaycan əhalisi 9,8 milyon, Gürcüstan əhalisi 3,7 milyon nəfərdir.

Beləliklə, həm BMT-nin hesabatları, həm də hər iki ölkənin rəsmi qurumlarının paylaşdığı rəqəmlərə baxaq:

Göstəricilər Azərbaycan Gürcüstan
Muzeylərin sayı 238 241
Muzeyə gələnlərin
sayı
3 milyon 1,9 milyon
Kinozallar 9 5
Teatrların sayı 28 49
Sənədli film istehsalı 0 10
Teatr tamaşaçı sayı 704 min 576 min
TV kanallar 11 12
Radio sayı 13 23
Dövlət büdcə vəsaiti 149 mln ABŞ dolları 175 mln ABŞ dolları

İnsaf naminə qeyd edək ki, hazırda Gürcustanda kino istehsalı nəinki Cənubi Qafqaz, hətta digər post-sovet ölkələri üzrə müqayisədə ciddi nailiyyətlər əldə edib. Bu sektora ayrılan dövlət və qeyri-dövlət maliyyə vəsaitləri hər il Avropa film festivallarına yeni əsərlər göndərməyə imkan verir.

Gürcüstanın mədəni sahədə inkişafını göstərən digər faktor bu ölkədə kitabxana işinin sürətlə yayılmasıdı. Tiflisə səfər edən jurnalistlərə Parlament Kitabxanası, Milli Kitabxana, Çavçavadze və Saakaşvili adına kitabxanalara baş çəkib, zəngin ədəbiyyatla tanış olmağı məsləhət görürəm.

Teatrlara gəldikdə, Gürcüstandakı 49 teatrdan 38 dram teatrı, 2 uşaq, 7 kukla və 2 opera teatrı kimi çalışır.

Yuxarıdakı cədvəldəki göstəriciləri hər ik ölkənin əhalisi üzrə adambaşına hesablayanda çox fərqli mənzərə yaranır. Kimsə düşünə bilər ki, gürcülər bizdən fərqli olaraq, asudə vaxtlarında teatr və kinoya getməyi, yaxud kitab oxumağa daha çox üstünlük verir. Əsl səbəb bu deyil. Məsələ burasındadır ki, Gürcüstanda bizdən fərqli olaraq mədəni inkişafa inzibati, siyasi və iqtisadi məhdudiyyətlər yoxdur. Ən önəmlisi isə mədəni inkişaf üçün zəruri şərtlər var.

Mədəni inkişafı buxovlayan faktorlar

Birincisi, ifadə azadlığına barışmaz münasibət göstərən siyasi rejimlərdə mədəni inkişaf ola bilmir. Məsələn, yazıçılardan Bayram Bayramovun ədəbi irsinə qadağa, Əkrəm Əylislinin və Rüstəm İbrahimbəyova hücumlar, aktyor İlqar Cahangir və Abbas Qəhrəmonova təzyiqlər Azərbaycan mədəni mühitini də sarsıtdı. Bu sahədə tənqidi ruhu və yaradıclıq azadlığını buxovladı.

İkincisi, milli gəlirlin normal bölünməməsi nəticəsində vətəndaşların maddi durumu yaxşılaşmır, teatra və kinoya pul xərcləmək imkanı formalaşmır. Nəticədə isə aktyorlar və bəstəkarlar öz sənəti hesabına dolana bilmir, prezidentin xüsusi fondundan (yeri gəlmişkən, bu fondun mövcudluğu ölkədə absurd büdcə siyasətinin təzahürüdü) ayrılan vəsaitlərə möhtac qalırlar. Biznes mühitinə məhdudiyyətlər də imkanlı şəxslərin sosial layihələrə, o cümlədən ədəbiyyat və sənətə ürəklə pul xərcləməsinə imkan vermir. Ümumiyyətlə, Azərbaycan hakimiyyətini mədəniyyətə xəsisliklə və minnətlə pul xərcləməyi, xərcləmək istəyənə maneəçiliyi aradan qalxsa, teatrlar, kinozallar, kitabxanalar və muzeylər bir-biri ilə sağlam rəqabət şəraitində inkişaf edərlər.

Üçüncüsü, dövlət aparatını ağuşuna almış korrupsiya. Hakimiyyət korrupsiya ilə o qədər qucaqlaşıb ki, mədəniyyəti Gürcüstan kimi subsidiyalarla, qrantlar və dotasiyalarla dəstəkləmək durumunda deyil. Çünki maddi tamah cavabdehlik və məsuliyyət hissini  üstələyib.

Nəhayət, postsovet siyasi əxlaqı ilə idarə olunan ölkədə iqtidar müstəqil sənət və yaradıcılıq mühitin yaranmasından ehtiyatlanır. Necə ki, Stalin və Brejnev sənəti özlərindən asılı vəziyyətdə saxlmaqla bundan hakimiyyətin təbliğatı üçün istifadə edirdilər, eyni metodu əsası Heydər Əliyev tərəfindən qoyulmuş post-sovet idarəçiliyinin davamçıları da yürüdürlər. Bu cür inzibati metoddan imtina etmiş Gürcüstanda yazıçılar, kitabxanaçılar, aktyorlar, bəstəkar və müğənnilər onlarla qurumda birləşiblər. Bu qurumlar həm dövlət, həm də qeyri-dövlət təşkilatlarından aldıqları qrantlar hesabına festivallar, sərgilər və mühazirələr təşkil edirlər. Nə onlar ölkə başçısının yadına düşür, nə də ölkə başçısı onlarla görüşməyi özünün proqramına salır. Çünki hərənin öz yaradıcılıq sahəsi var.

P.S: UNESCO-nun məlumatına görə, 2016-cı ildə Gürcüstanda 3 milyon nüxsədən artıq kitab, jurnal və qəzet nəşr olunub, təxminən adama 1 nəşr düşür. Bizdə belə göstərici üzrə statistik məlumat tapa bilmədim.

One thought on “Mədəni inkşafın göstəriciləri: niyə Gürcüstandan geridəyik?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s