İşgəncəyə etiraz edirik!

“Demokratiya insan ləyaqəti məsələsidi və insan ləyaqəti siyasi azadlığın özüdür” (Olof Palme)

Foto Meydan TV-nin veb səhifəsindən götürülüb.

Orxan Pamuk “Qara kitab”ında yazır ki, heç nə həyatın özü qədər heyrətedici ola bilməz, təbii ki yazı xaric… Pamuk bu fikri ilə insanoğlunun 5 min öncə əldə etdiyi yazı bacarığının möcuzəsi ilə yanaşı real həyat hadisələrinin oxuduğumuz əsərlər və seyr etdiyimiz filmlərdən daha heyrətli olduğuna diqqət çəkir. Günümüzdə o qədər inanılmaz olaylar yaşanır ki, ən istedadlı təxəyyül sahibi bunları uydurmaqda aciz qala bilər.

Yanvarın sonunda “Müsəlman Birliyi” Hərəkatının sədri, siyasi məhbus  Taleh Bağırzadə yerli və beynəlxalq insan haqları təşkilatlarına müraciət edərək, Qobustan qapalı rejimli həbsxanasında yaşanan insanlıq faciəsinə biganə qalmamağa çağırdı. Məlum oldu ki, Talehlə birgə “Nardaran olayı” üzrə tutulan daha iki siyasi məhbus – Cabbar Cabbarov və Abbas Hüseyn fiziki işgəncələrə məruz qalıblar. Bu şəxslərə qarşı işgəncələrə dair məlumatlar mediada ətraflı dərc olunub.

Bundan bir həftə öncə Xalq Cəbhəsi Partiyasını qanunsuz maliyyələşdirməkdə ittiham edilərək həbs edilən Saleh Rüstəmli və digər siyasi məhbusların Ağır Cinayətlər Məhkəməsində işgəncə barədə tükürpədən ifadələrinə tanış olduq. İşgəncələri təsəvvür etdikcə adamı dəhşət bürüyür.

Aqil Məhərrəmli, Babək Həsənov və Vidadi Rüstəmlinin ifadələrini dönə-dönə oxuyun. Və bunlar Sovetlər dönəminin NKVD, Hitler Almaniyasının Gestaposunda deyil, 2018-ci ildə Azərbaycanın polis idarəsində yaşanıb. Bu insanlara işgəncə verilən günü təsvvür etməyə çalışıram. Deyək ki, Bakıda adi günlərin birində “Bandotdel”in otağında elektroşokla verilən işgəncənin təsirindən Aqilin qolunda kapilyar damarlar partlayıb. Babək Həsənovun bədənində Qarabağ döyüşlərindən qalma yarasına zərbələr vurublar, sonra elektrik cərəyanı sayəsində ittihama qol çəkdiriblər. Vidadi Rüstəmlini isə tualetdə öz təbii ehtiyacını ödəyərkən videoya çəkiblər.

Yuxarıda adıni çəkdiyim şəxslər işgəncələrə məruz qalan yeganə siyasi məhbuslar deyillər. “Nardaran işinə” görə həbs edilən digər siyasi məhbusların, Qiyas və Bayramın döyülməsi ictimaiyyətə tanışdır. Amma işgəncə təkcə döyülmək və ya elektrik cərəyanı ilə həyata keçirilmir. Günahsız olaraq həbs edilmək işgəncənin ilkin psixoloji təzahürüdür. Bunun ardınca saxlanma müddətində düzgün qidalanma və gigiyena qaydalarından məhrum olmaq, anti-sanitariya şəraitində saxlanmaq və sair hallar da işgəncədir. Özümün başıma gələn iki olayı xatırlayram. Kürdəxanıda bir dəfə Turan agentliyinin suallarına cavab verdiyim üçün kameramda axtarış aparıldı və bütün qələm-karandaşlar aparıldı. Sonra köşürüldüyüm 13 saylı “zon”da isə kitabxanada yazmaq üçün zəruri stolları apardılar. Yazı yaazmaq üçün dizimizin üstünə kitab qoymalı olurduq. Oxuyub-yazmağı gündəlik vərdişə çevirən adamlar üçün hər iki hal psixoloji işgəncədir.

Hakimiyyət nə istəyir?

Siyasi məhbuslara münasibətdə işgəncələr tədricən siyasi repressiyanın tərkib hissəsinə çevrilib. İşgəncə halları hüquqda insan ləyaqətinin alçaldılması və insan ruhunun məhv edilməsi kimi yolverilməz, insanlıq əleyhinə cinayət kimi səciyyələnir. Bəs bu əməllər nəyin naminə törədilir? Bu amansızlığın niyyəti nədir?

Kimin icra etməsindən asılı olmayaraq, işgəncə hallarına görə polis və ədliyyə işçsisi ilə yanaşı Prezident administrasiyasındakı məmurlar, hakimlər və prokurorluq orqanları rəhbərləri məsuliyyət daşıyırlar. Onlar hamılıqla siyasi repressiya aparatının işlənməsinə cəlb olunublar, kimisə ayırmaq sadəlöhvlük olar. Bu hallar məhkəmə-hüquq sisteminin feodalizm ənənələri ilə idarə olunmasının göstəricisidi. Karl Marks belə siyasi rejimlər barədə yazırdı ki, feodalizmdə dövlət aparatı məzlumlardan zəngin feodalları qorumaq vasitəsidir.

Hazırda işgəncə siyasi repressiyanın bir formasıdır və repressiya məqsəd deyil, vasitədir – siyasi hakimiyyəti qorumaq və siyasi opponentləri zərərsizləşdirmək naminə istifadə olunan anti-insani vasitə.

Narahatlığa əsas varmı?

Əgər indiki müxalifətin istifadə etdiyi mübarizə vasitələri və üsullarını saf-çürük eləsək, hakim siyasi qrupu uğurlu hesab etmək olar. Çünki uzun illər apardıqları “radikal müxalifət” təbliğatı öz bəhrəsini verib və bu ölkədə heç bir siyasi qüvvə vətəndaş itəatsizliyi, sivil müqavimət və ictimai etimadsızlıq kampaniyaları barədə düşünmür. İqtidar razılıq verəndə dinc etiraz aksiyasını keçirir, prezidentliyə və ya deputatlığa namizəd olurlar. Biz illərdir ki, seçkilərin saxtalaşdırılmasında iştirak edənlərin, işgəncə verən polislər və müstəntiqlərin, təyinatlı deputatların, saxta hökm çıxaran hakimlərin ictimai qaydada qınanmasına nail ola bilmirik. Beləliklə, hakimiyyətin ortada olan siyasi mübarizə vasitələrindən çəkinməsi üçün əsası yoxdur. Amma buna rəğmən sərt və amansız üsullardan yararlanırlar. Şübhəsiz ki, 25 ildir davam edən siyasi repressiyalara məhəl qoymayan fədakar insanlara nifrət edirlər. Onların nəinki azadlıqda, hətta həbsxanada belə fərqli düşünməsindən qəzəblidirlər.

Amma bir məsələdə yanılırlar ki, yaratdıqları siyasi mühit yeni siyasi üsullar meydana çıxara bilər. Əgər insanlar siyasi nifrətlərini şəxsiləşdirsələr, yaxud mövcud siyasi birliklərin seçdiyi mübarizə vasitələrini səmərəsiz hesab etsələr, qeyri-ənənəvi və qeyri-dinc siyasi mübarizə üsullarına üstünlük verəcəklər. Ötən il Gəncədə yaşanan sui-qəsd bu nifrətin qeyri-ənənəvi ifadəsi idi. Ən təhlükəlisi “tək adam”ların çoxalmasıdır…

Məhbusun dini, milli və siyasi mənsubiyyəti önəmli deyil

Hazırda 130-dan artıq siyasi məhbus var. Hamını diqqətdə saxlayıb ictimai müdafiəni gücləndirmək çətindir. Xüsusən də 2013-dən başlayaraq, hakimiyyətin vətəndaş cəmiyyətinə basqıları institutsional fəaliyyəti məhv edib. Amma tədricən vətəndaş cəmiyyətinin toparlanamsı baş verəcək və hüquq müdafiəçiliyi yenidən dirçələcək. Bu proses təbii əkildə gedəcək və bir neçə ilə ölkədə yeni ictimai qruplar formalaşacaq. Ancaq hakimiyyət dayanmır və hər gün kiminsə həbsi, yaxud işgəncə olayının şahidi oluruq. Bu tendensiya bizi mövcud resurslar hesabına insan hüquqlarını müdafiəsini qurmağı, siyasi repressiyalara qarşı ictimai müqaviməti təşkil etməyi zəruri edir. Və bu prosesdə özünün gələcəyini Azərbaycanda görən, bu ölkəyə fiziki və ya ruhi anlamda bağlı olan hər kəs iştirak etməlidi. Tutduğu ictimai mövqedən və ya peşəsindən asılı olmayaraq, siyasi repressiyalara, o cümlədən işgəncələrə etiraz ilk olaraq insanlıq, ikincisi vətəndaşlıq məsələsidi. Amma prosesin insan hüquqlarının müdafiəsi naminə aparılmasını arzu ediriksə, bəzi nüansları nəzərə almalıyıq.

Birincisi, həbsdə olan siyasi məhbuslar arasında “kim daha çox incidilir” müqayisəsi aparmaq yolverilməzdir. Ümumiyyətlə, nəinki siyasi məhbuslar, hətta həbsdəki adi dustaqlarla siyasi məhbuslar arasında müqayisə aparmaq yanlışdı. Bunu etnik zəmində etmək isə heç olmaz. Məsələn, milliyətcə erməni olan dustaq Arsen Baqdasaryanla yaxşı rəftar olunması bir qəbahət kimi gsötərilir. Bu doğru yanaşma deyil. Azadlığı məhdulaşdırılmış istənilən şəxslə – hərbi əsir və girov, ya dustaq olmasından asılı olmayaq, qeyri-insani davranış təbliğ edilməməlidi. Eyni şəkildə Mehman Hüseynovun daha çox müdafiə olunmasını anlayışla qarşılamalıyıq.

İkincisi, Taleh Bağırzadə və digər inanclı siyasi dustaqları müdafiə etmək yalnız şiə müsəlmanların deyil, bütün sivil dünyagörüşlü vətəndaşlarımızın vəzifəsidir. Unutmayaq ki, biz Müsəlman Birliyi Hərəkatı üzvlərini müdafiə edəndə onların siyasi baxışlarını deyil, insan haqlarını, o cümlədən universal prinsipləri müdafə edirik. İranda 10 ay müddətinə həbs edilən Abbas Lisaninin azadlığı üçün çağrışlar da insan hüquqlarının müdafiəsi çərçivəsində olamlıdır. Amma Lisanini müdafiə edən soydaşlarımız hazırda işgəncələrlə üzləşən Talehi, Abbası, Qiyasi və digərlərini unudanda, bu yarımçıq görünür. Kantın təbirincə desək, başqasının azadlığını müdafiə etmək özünə layiq bildiyin azadlığı qorumaqdı və bu təmənnalı olmamalıdı. Çünki azadlıq haqqı ədalətin əsasıdır və onu müdafiə etmək bizim insani təbiətimzidən doğan vəzifəmizdir.

Nə etməli?

Ümid edirəm ki, hazırda həm məhkəmə prosesi gedən cəbhəçilər, həm də digər siyasi məhbuslara qarşı törədilən işgəncələrlə bağlı şikayətlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək. Ancaq bu məhkəmələrdə ədlə olunacaq nəicələrədək, həm yerli, həm də beynəlxalq ictimaiyyətin mövcud siyasi repressiyalara, xüsusən də işgəncə hallarına təpkisi önəmlidir. Hələlik mümkün hesab etdiyim tədbirləri təklif edirəm:

  1. Həbsxanalarda siyasi məhbusların saxlanma şəraiti və son işgəncə halları ilə bağlı Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ombudsmana kollektiv şəkildə sorğular göndərmək;
  2. BMT-nin İşgəncələr üzrə məruzəçisi və və Avropa Şurası İşgəncələr Əleyhinə Komitəsini araşdırma aparmaq üçün ölkəyə dəvət etmək;
  3. İşgəncə hallarına yol vermiş orqanlar və onların rəhbərləri ilə bağlı sanksiyaların verilməsi üçün Avropa Birliyi ölkələri və ABŞ-ın ölkəmizdəki səfirliklərinə müraciət etmək;
  4. Yerli və beynəlxalq mediada vaxtaşırı işgəncə halları ilə bağlı fərdi və kollektiv şəkildə etiraz etmək

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s