“Columbia”nın sonuncu missiyası

Bəzən problemlər barədə danışmaq yox bağırmaq gərəkdi

Ekipajdan bir nəfər İsrail, qalanları ABŞ vətəndaşları olub.

16 yanvar 2003-cü ildə Floridada yerləşən Kennedi Kosmik Mərkəzindən 7 nəfərlik ekipajla Columbia hava gəmisinin orbitə uçuşu başladı. Ekspedisiya 16 gün ərzində 80 müxtəlif ekspriment həyata keçirməli, iki komanda şəklində yerə radiotestlər göndərməli idi. Gəmi 15 gün 22 saat sonra yerə doğru enişə başlayır. Sakit oken üzərindən Texas ştatına doğru yaxınlaşanda alışaraq yanır, bütün ekipaj həlak olur. Bu 1986-cı ildə qəzaya uğramış Challenger orbit gəmisindən sonra NASA tarixində ikinci faciə idi. Qəzanın səbəbləri uzun müddət araşdırılıb.

Gəmilər adətən fəzaya çatanda raket ondan planlaşdırılan şəkildə ayrılır. Yekun nəticəyə görə, uçuşa qalxarkən Columbia-nın korpusunu daşıyan raketdən düşən köpük sürətlə gəminin sol qanadına dəyərək, 25sm diametri olan dəlik açıb. Nəticədə qəza üçün zəmin yaranıb. Fəzada olduğu müddətdə gəmidə heç bir problem hiss olunmayıb. Amma Yerə yaxınlaşanda atmosfer qatında olan qazlar saatda 28000 km surətlə uçan gəminin qanadındakı deşikdən içəri daxil olub yanğına səbəb olur. Hərarət yerə yaxınlaşdıqca daha da artır və 1500C dərəcəyədək artır. Enişə az qalmış cəmi 16 saniyə ərzində partlayış baş verir. Gəmi Hyuston yaxınlığında 84 min hissəyə parçalanır.

Bu qəzanın səbəblərini barədə iki ay öncə faciənin içində olmuş ilkin mənbələrdən detalları öyrənmək imkanım oldu. Bizim qrupa Dövlət sektorunda İdarəçi Liderlik kursunu tədris edən professor Sean O’Keefe uzun illər ABŞ müdafiə nazirliyinin müxtəlif strukturlarında, o cümlədən ABŞ Hərbi-dəniz qüvvələrinin katibi və NASA-nın administratoru kimi olub. Respublikaçı çevrlərə bağlı ekspert kimi həm ata, həm də oğul Buşların administrasiyasında çalışıb.

Bizim 30 nəfərlik qrup üçün o təkcə professor kimi deyil, həmçinin keçmiş məmur kimi maraqlı idi. Onun kursu üçün hər həftə müxtəlif hadisələr üzrə araşdırma təqdim etməliydik. Günlərin birində araşdırma mövzusu 2003-cü ildə qəzaya uğramış Columbia hava gəmisi oldu. Seminarın ən maraqlı tərəfi Columbia qəzaya uğrayanda professorun NASA-nın rəhbəri olması idi. Müzakirə üçün Harvard Biznes Məktəbinin hazırladığı material seçilmişdi və material gəmi ilə bağlı bütün protokollar, sxemlər və stenoqramlarla zəngin idi. Mövzuya maraq və həyəcan o qədər yüksək idi ki, professor müzakirəyə keçmiş astronavt William F. Readdy-ni də dəvət etmişdi. Hər ikisi çxış etdikdən sonra, qəza barədə hazırlanmış 10 dəqiqəlik filmi seyr etdik. Suallar, rəylər və müzakirələr başladı. Qəzanın texniki səbəbləri, hava-gəmiləri və raketlərin kontrol sistemləri, NASA daxilində kommunikasiya, Pentaqonla münasibətlər, dünyada aerofizika və astronavtika sahəsində durum, Rusiya, Çin və Yaponiya ilə kosmosda  əməkdaşlıq, böhran anında menecment və sair müzakirə edildi.

Qəzaya gəldikdə, səbəbləri müəyyən etmək üçün 700 nəfərdən artıq ekspertin cəlb olunduğu iki araşdırma qrupu çalışıb, 30 mindən artıq sənəd yoxlanılıb və bir neçə test keçirilərək, qəzanın səbəbləri öyrənilib. Bizi bu qəza ilə bağlı ən çox maraqlandıran faciəni önləmək və ekipajı xilas etmək imkanları idi. Professor O’Keefin izahatı və araşdırma qrupunun hesabatları bu suallarımıza müəyyən aydınlıq gətirdi.

Columbia havaya qalxarkən raketdən ayrılan köpüyün sol qanada düşməsi iki video görüntüdən yalnız birində nəzərə çarpır.  Amma bu görüntü qərar vermək üçün yetərli olmur. Bu səbəbdən də raketdən düşən köpüyün vurduğu zərbənin səviyyəsini və ölçüsünü, habelə mümkün zədə trayektoriyasını müəyyən etmək, buna müvafiq olaraq qəzanı prqonozlaşdırmaq çətin olur. Köpüyün düşdüyü yeri isə əldə olan yeganə video görüntü ilə deyil, əlavə foto şəkillərlə dəqiqləşdirmək ehtiyacı yaranır. Bu ehtiyacı isə ən çox hiss edən və uçuşun birinci günü e-poçtla öz menecerinə bildirən Rodney Rocha adlı mühəndis olur. Amma 15 gün ərzində NASA, Boeing və Müdafiə Nazirliyi təmsilçiləri yeni foto görüntülərin əldə olunması ilə bağlı yekun razılığa gələ bilmirlər. Ekspertlərdən heç biri Rocha qədər köpüyün zərbəsindən qəza baş verəcəyini ciddi ehtimal etmir. O, hər dəfə video klipi izlədikcə onun düşdüyü trayektoriyadan narahat olduğunu həmkarlarına bildirir. Menecerlərlə yazımalarında 2 dəfə əlavə görüntü olmasını zəruri sayır. Amma israrlı olmur. Üçüncü e-məktubu yazır, daha qətiyyətlə narahatlığını dilə gətirir. Bu məktubu isə menecerə göndərməyə ya cəsarət eləmir, ya da təşəbbüs…
NASA-nın Uçuşlar üzrə direktoru çox sonra onu məzəmətləyir ki, “sən müzakirələrdə rahatsızl olduğunu, bu görüntülərin təcili olduğunu, problemin vacibliyini danışmalıydın, menecerlərinin üstünə bağırmalıydın”. O isə öz şübhələri ilə bağlı israr etmək üçün “balaca adam” olduğunu bildirir.
Bəs mühəndis daha tələbkar olsaydı, bu nəyi dəyişərdi? Professor bizə izah elədi ki, bu zaman Pentaqonla əla saxlayıb Columbianın yeni video-foto görüntülərini əldə etmək üçün yardım istəniləcəkdi. Çünki həmin dövrdə orbitdə Pentaqonun da kosmik aparatı olub.
Bəs tutaq ki, video-foto görüntülər əldə olunacaq və korpusun zədələndiyi müəyyən olunacaqdı,  o zaman növbəti addım nə olardı? Bu halda ekspert qrupu qərar verəcəkdi ki, gəminin atmosfer qatına yaxınlaşması təhlükəlidir.
Araşdırıcı komissiyanın rəyində qeyd edilir ki, “əgər uçuşun 7-ci gününədək zədələr müəyyən edilsəydi, NASA gəminin daha 30 gün fəzada qalmasını qərar verəcəkdi”. Amma ekipajı xilas etmək üçün yeganə versiya Atlantis hava gəmisini orbitə göndərib Columbia ilə görüşdürmək və ekipajı evakuasiya etmək olacaqdı. Komissiyanın rəyində isə NASA rəhbərliyinin cüzi bir yanlışlıq səbəbindən hər iki hava gəmisini itirə bilmık ehtimalından çəkinərək, evakuasiya planını işə salacağı təsdiqlənməyib.
Komissiya qəzanın fiziki-texniki səbəblərlə yanaşı NASA-da təşkilati kommunikasiya məhduiyyətləri səbəbindən kritik məlumatların yayılmasının əngəlləndiyini, bununla da mühəndis Rochun narahatlıqları və müraciətlərinin təmin olunmadığını bildirib.

Bu qəzanın araşdırıldığı müddətdə O’Keefe öz vəzifəsindən istefa verərək, bunu komissiyanın daha rahat araşdırma aparması istəyi ilə izah edib.

Professor indiyədək həlak olan astronavtların ailə üzvləri ilə əlaqə saxlayır və hər ilin 1 fevralını keçmiş astronavtlarla qeyd edir. Akademik fəaliyyəti ilə yanaşı hərdən kosmik layihələr və proqramlarla bağlı məqalələrlə çxış edir. Bu günlərdə Çinin Aya göndərdiyi missiya ilə bağlı maraqlı məqaləsi yayılıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s