Mədəni yaddaşımızdakı Rəsulzadə…

Ayaq üstdə duranlar: Soldan Əhməd bəy Pepinov və Aslan bəy Səfikürdski. 
Əyləşənlər: Xəlil bəy Xasməmmədov və Məmməd Əmin Rəsulzadə, iyun 1918-ci il, İstanbul
Foto araşdırmaçılar Ədalət Tahirzadə və Dilqəm Əhmədin arxivindən

Friedrich Nietzscheyə görə heyvanların genetik proqramı bu canlıların təbii mübarizədə sağ qalmasını təmin edirdisə, insanlarla bağlı vəziyyət fərqli idi. İnsan mövcud olmaq üçün yaşamın anlamını tapmalı, bununla da öz varlığını sürdürməli idi. Bu problemin həllində isə insanların mədəni yaddaşı onlara kömək etdi – əldə edilmiş bilgilər və təcrübələr davranışları yönləndirir, interaktiv şəkildə cəmiyyətə ötürür və nəsildən-nəsilə təkrarlanırdı. Nəticədə yeni sosial təcrübələr və təşəbbüslər yaranırdı. Elmi ədəbiyyatda sosial yaddaşın iki formada təsnifatı verilir – kommunikativ (gündəlik, məişət) və mədəni yaddaş.
Bu gün Məmməd Əmin Rəsulzadənin 135 illik yubileyi ovqatında onun siyasi irsinə indiki münasibəti düşünərkən, qarşıma çıxan müsahibə bu yazını qaralamağa vadar etdi. “Ölkə.Az” veb portalında dərc olunan müsahibədə neft milyonçusu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanıma yardım etmiş insanlardan bəhs edilir. Sara xanımın həyatı məşəqətli keçib. Onun dramatik həyatında çox şey var – Çar Rusiyasında aldığı təhsil, qayğısız uşaqlıq və yeniyetməlik həyatı, Sovetlərin gəlişi ilə başlayan kasıblıq, repressiya, maddi yoxsulluq və psixi travma. Keçdiyi ömür yolunun izinə düşüb bizim xalqın travmalarını görürsən. Dərin travmaya uğramış sosial və ya mədəni yaddaşımız. Ən faciəvi tərəfi budur ki, Sara xanımın yaddaşını vərəqləyib 60 illik xatirələrini qələmə alacaq nə bir ziyalı, nə bir jurnalist, nə də bir tarixçi olub. Deyək ki, durğunluq illərində bir qorxu xofu olub, bəs yenidənqurma başlayanda onu danışdırmaq olmazdımı?
Rəsulzadəyə münasibətə gəldikdə, bu bizim mədəni yaddaşımıza münasibətin göstəricidir. Bu yaddaş siyasi, sosial-iqtisadi və mədəni hadisələrlə doludur. Bütün bu olaylar arasında qurulan əlaqələr birləşəndə mədəni kimliyimiz ortaya çıxır. Bu kimliyimizin formalaşmasında müstəsna rolu olan nəslin – 19-cu əsrin sonunda ortaya çıxan tərəqqipərvər ziyalıların mübarizəsində sonuncu hadisə Xalq Cumhuriyyətinin yaranması oldu. Bu prosesdə iştirak edən insanlar arasında Rəsulzadə ən görkəmli siyasi liderlərindən biridir. Ötən il AXC-nin 100 yaşını qeyd elədik. Amma əlamətdar bu hadisəni dövlət rəsmiləri təntənəli şəkildə qeyd etmədilər. Hakimiyyətin həm AXC, həm də Rəsulzadəyə qarşı laqeyd və qısqanc münasibətinə məhz mədəni yaddaşa qarşı barışmazlıq kimi yanaşıram. Çünki bu siyasi yaddaş iqitidara təbliğ etdiyi rəsmi yaddaşı legitimləşdirməyə manelər yaradır.

Birincisi, Rəsulzadə keçmişin rekonstruksiyası üzərində hakimiyyətə gələn Heydər Əliyevin sovet keçmişinə maneə olur. Əliyevin sovet dövründəki fəaliyyəti onun siyasi ömrünün əsas hissəsini təşkil edib. Ötən 26 ildə onu siyasi təcrübəsindən bəhs edilərkən ən geniş təbliğat Sovet dönəminə ayrılıb. Statistik olaraq, hər şey normaldır – Əliyevin DTK-ya sədrliyi, daha sonra AzSSR-ə rəhbərliyi və Moskvada Politbüro dönəmi onun siyasi keçmişinin əsas hissədir. Və bu tarixi siyasi yaddaşda maksimum müsbət və parlaq şəkildə saxlamaq istəyirlər. Amma AXC tarixi və onun qurucularının nəhəng siyasi mübarizəsi o qədər parlaqdır ki, ictimai və mədəni yaddaşda dərhal cazibə yaradır, nəticədə sovet dönəmini üstələyir. Ən əsası Sovet tarixinin Əliyevlə bağlı səhifələri öz cəlbediciliyini itirir.

İkincisi, Əliyevin müstəqillik illərində qurduğu siyasi idarəçilikdə partiya nomenklatura elementləri var. Bir növ sovet dövrünün ədalətsiz və kobud şəkidlə rekonstruksiyası aparılıb. Amma 1920-ci ildən öncə fərqli siyasi tarix və şəxsiyyətlər vardı. Məsələn, Heydər Əliyev Mircəfər Bağırovla müqayisə də çox humanist görünür, amma AXC dövrünün dövlət rəhbərləri ilə müqayisədə idealist və tərəqqipərvər deyil. Əliyev Kommunist partiyasının iyearxiyasında gedə biləcəyi ən yüksək vəzifələrədək yüksəldi. Amma özündən əvvəlki və sonrakı respublika partiya katibləri kimi Moskvanın ona müəyyən etdiyi çərçivədə çalışdı. Siyasi karyerasına bir az tez başlasa Bağırov, bir az gec başlasa Mütəllibov ola bilərdi. Bu obrazları yaratmaq yalnız Kremldən asılı idi.

Üçüncüsü, Rəsulzadənin siyasi dəyərlərinin hələ də aktual qalmasıdır. Hərdən eşidirik ki, Sabir və  Mizrə Cəlil indi də aktualdır. Bu əslində travmalı məddəni yaddaşın təzahürüdür. Çünki mədəni yaddaş hələ də təzələnməyib və inkişaf etmiş dünyadan fərqli olaraq bizim klassik aydınlar bir əsr keçsə də aktuallıqlarını qoruyurlar. Bu anormal mədəni inkişafdır. Nə yazıq ki, siyasi tariximiz də belədir. Rəsulzadə 1952-ci ildəki məqaləsində yazırdı ki, suverenliyimizin bərpasından sonra vətəndaşların ilk işi azad və demokratik seçkilər, azad media qurmaq olmalıdı. Və yaxud onun 1953-cü ildə 28 May münasibətilə aşağıdakı çıxışını dinləyəndə demokratik və bəşəri dəyərlərə vurğusu bizim ölkəmiz üçün indi də əlçatmaz görünür:
https://www.youtube.com/watch?v=qdWMVKdzJuA

Nəhayət, Rəsulzadə irsinin araşdırmaçıları bəzən öz siyasi dünyagörüşlərinə uyğun şərhlərlə onu qiymətləndirməyə çalışırlar. Əvvəla, tarixşünaslığa ideyalogiya gətirmək elmi-metodloji baxımdan ciddi qüsurdur. İkincisi, Rəsuzladə nə turançı, nə dı etnik millətçi olub. Azərbaycan tarixində ilk 3 siyasi partiyadan ikisinin – “Hümmət” sosial-demokrat müsəlman təşkilatı və Müsavat partiyasının həmtsəsiçisi kimi Rəsulzadə Avropa sosial-demokrat ideyalarına bağlı siyasi şəxsiyyət olub. Rəsulzadə 20-ci əsrin əvvəlində milli kimlik məsələsinə, daha sonra milli muxtariyyət və suverenlik ideyasına önəm verən, bununla da milli sərhədələr çərçivəsində ədalətli və demokratik cəmiyyət qurmaq istəyən Avropa siyasi məktəbinin təmsilçisidir. Onun milli dövlət anlayışı həm AXC, həm də mühacirət dönəmlərində anti-Sovet və anti-Rusiya çıxışları ilə müşayiət olunubsa, bu işğala milli dirənişin göstəricisidir. Amma Rəsulzadə heç bir halda milli, dini və ya etnik kimlik üzərində qurulan siyasi idarəçiliyin tərəfdarı və ya iştirakçısı olmayıb.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s